Millimiz Avropa çempionatında iştirak edəcək

23:38 2 Fevral 2016

Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycan seçmə komandası fevralın 5-dən 7-dək Kiprdə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Fevralın 3-də Limassol şəhərinə yola düşəcək nümayəndə heyətinə 17-si idmançı olmaqla 29 nəfər daxildir.
 

Sportarena.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev Müseyib Məmmədov (52 kq), Hümmət Baxşəliyev (57 kq, Avropa və dünya üçüncüsü ), Mədinə Sadıqova (47 kq) və Renata Ərəbliyə (54 kq) etimad göstərib.
 
Gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev isə 16-17 yaşlılardan 3, 18-20 yaşlılar arasında isə 8 karateçinin yarışa yollanmasını qərara alıb. 16-17 yaşlı gənclərdən Murad Balakişiyev (76 kq), Murad Hacızadə (76 kiloqramdan yuxarı, dünya beşincisi) və Fidan Teymurova (48 kq, dünya ikincisi) tatamiyə çıxacaq. 18-20 yaşlı gənclərin yarışında Ülvi Qurbanov (60 kq, yeniyetmələr arasında Avropa ikincisi), Şahin Quluzadə (67 kq, komandanın kapitanı, dünya beşincisi), Vüsal Kamallı (75 kq, tələbələr arasında dünya beşincisi), Nəcməddin Bünyadov (84 kq), Sərxan Quluzadə (84 kiloqramdan yuxarı, dünya kubokunun qalibi, dünya beşincisi), Fəridə Abiyeva (61 kq, dünya kubokunun qalibi, dünya və Avropa beşincisi), İrina Zarteska (68 kq, gənclər arasında Avropa və dünya çempionu, dünya ikincisi, böyüklərdə Avropa üçüncüsü, birinci Avropa Oyunlarının qalibi) və Fəridə Əliyeva (68 kiloqramdan yuxarı, dünya kubokunun qalibi, dünya üçüncüsü) mübarizəyə qatılacaq.
 
Kata üzrə böyük məşqçi Vahid Ayvazov 16-17 yaşlılarda Roman Heydərli (dünya beşincisi), 18-20 yaşlı gənclərdə isə Rafiq Əmirovu bir daha sınaqdan keçirəcək.
 
Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü Yaşar Bəşirovun başçılığı ilə Kiprə yollanacaq heyətdə birinci vitse-prezident Rəhman Hətəmov, vitse-prezident və yarışın hakimlərindən beynəlxalq hakim Yusif Məmmədov, digər beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Rənad Əliyev, eləcə də İrina Zaretskanın şəxsi məşqçisi Denis Morozov, həkim Pərvin Əkbərov və media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov yer alacaq.


Xəbər xətti