"Olimpiadaya lisenziya qazandığım üçün qürur duyuram"

00:03 5 Fevral 2016

Azərbaycan taekvondoçuları Braziliyanın Rio-de-Janeyroda şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında ikisi kişi, ikisi qadın olmaqla 4 idmançı ilə təmsil olunacaqlar. Bu lisenziyalardan birini ölkəmizə birinci Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova qazandırıb.
 
Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova azərtac-a məxsusi müsahibəsində yanvarda İstanbulda keçirilən taekvondo üzrə lisenziya xarakterli Avropa təsnifat turnirindən, gələcəkdə iştirak edəcəyi yarışdan və Braziliyada təşkil ediləcək Olimpiya Oyunlarına hazırlıqlar barədə məlumat verib.
 
İdmançı bu barədə danışarkən deyib: “Hazırda şəxsi məşqçi-müəllimim Səbuhi Zülfüqarov ilə məşq edirəm. Fevralın 11-12-də taekvondo üzrə qadınlardan ibarət yığmanın heyətində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Əmirliyində bir neçə ölkədən yığma komandaların da qatılacağı beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəyəm. Fevralın 23-25-də isə həmin ölkədə “Fuceyra Open-2016” açıq çempionatında mübarizəyə başlayacağıq”.
 
Yanvarda İstanbulda keçirilən turnirdə uğurla çıxış edərək “Rio-2016”ya vəsiqə qazanan idmançımız yarışa ciddi hazırlaşdığını bildirib. Qeyd edib ki, birinci Avropa Oyunlarından sonra taekvondo üzrə sonuncu beynəlxalq Qran-pri yarışında ilk səkkizliyə düşmək üçün qalib gəlməli idim. Belə ki, milli komandamızın digər üzvü Radik İsayev kimi mən də Olimpiadaya vəsiqəni dünya reytinq siyahısında tutacağım yer sayəsində təmin etmək istəyirdim. Lakin bəzi yarışlarda iştirak edə bilmədiyim üçün reytinqdə xallarım kifayət etmədi. Buna görə də dekabrda Meksikadakı Qran-pri turnirinə dəvət almadım və İstanbuldakı lisenziya yarışına hazırlaşmağa başladım. Bakıda keçirilən respublika çempionatında 67 kiloqram çəki dərəcəsində qalib gələrək Türkiyədəki lisenziya xarakterli yarışlara qatılmaq imkanı əldə etdim. Çünki qarşıma əsas məqsəd olaraq Olimpiadaya lisenziya qazanmağı qoymuşdum.
 
“İstanbuldakı turnirdə qarşılaşacağım rəqiblərimi əvvəlcədən tanıyırdım. Hər gün məşqçim ilə birlikdə onların döyüşünü izləyib, təhlil edirdik. Orada sloveniyalı idmançı ilə yarımfinal görüşü ən çətin qarşılaşmam oldu və yalnız qızıl xal hesabına qələbə qazana bildim. Finala yüksəldiyim üçün Rio Olimpiadasında iştirak hüququnu təmin etməyimə baxmayaraq, almaniyalı idmançı ilə həlledici döyüşdə məğlub olmaq istəmirdim. Bu mötəbər idman yarışında qalib gələrək bayrağımızı ucaltdığım, himnimizi səsləndirdiyim, xalqımızı sevindirdiyim, eyni zamanda, lisenziya və reytinq xalları qazandığım, həm də Vətənə qızıl medalla qayıtdığım üçün qürur hissi keçirirəm”, - deyə “London-2012” Yay Olimpiya Oyunlarının iştirakçısı vurğulayıb.
 
Qeyd edək ki, fevralın 8-də Azərbaycan Taekvondo Federasiyasının qadınlardan ibarət yığma komandasının Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. Müxtəlif çəki dərəcələrində 8 qadın və 8 qız taekvondoçunun qatılacağı toplanışda “Rio-2016”ya lisenziya qazanan Patimat Abakarova da iştirak edəcək.
 
Braziliyada təşkil ediləcək Olimpiadada ölkəmizi ilk dəfə olaraq iki qadın taekvondoçu - Fəridə Əzizova və Patimat Abakarova təmsil edəcək. Fəridə Əzizova Londondan sonra ikinci dəfə planetin ən mötəbər turnirinə yollanacaq.


Digər xəbərlər

Xəbər xətti