Cavid Hüseynov: "Haqqımı tələb edəcəyəm"

14:03 10 Fevral 2016

Bu gün Səbail Rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə keçirilən məhkəmə prosesi davam etdirilib.   

Sportarena.az APA-ya istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda məhkəmə baxışının başlanmasına qərar verilib. Bu dəfə də media nümayəndələri prosesə buraxılmayıb. Cavid Hüseynovun vəkili Adəm Məmmədov bununla bağlı vəsatət qaldırıb və jurnalistlərin prosesdə iştirak etmələrini istəyib. Hakim vəsatətə münasibət bildirərək deyib ki, media nümayəndələrinin prosesdə iştirakına qadağa qoyulmayıb, sadəcə, zalda yer yoxdur.   Bundan sonra hakimin göstərişi ilə zala əlavə stullar gətirilib və jurnalistlərin iclasda iştirakına şərait yaradılıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.   İttiham aktına münasibət bildirən Cavid Hüseynov ittihamları qəbul etmədiyini deyib.   Daha sonra ifadə verən Cavid Hüseynov deyib ki, məlum futbol matçında kiprli jurnalistə cavabında əl hərəkəti ilə Türkiyə ilə Azərbaycanın qardaş olduğunu göstərməyə çalışıb: “O oyundan sonra bibim oğlu Elşən İsmayılov mənə dedi ki, Rasim Əliyev adında jurnalist "Facebook"da mənim barəmdə nalayiq ifadələr yazıb. Mənsə ona dedim ki, əhəmiyyət verməsin. Elşənin Rasimlə görüşündən, onunla dalaşmağından xəbərim olmayıb. Sonra Rasim Əliyevin rəhmətə getdiyini biləndə Elşənə dedim ki, polisə təslim olsun, hər şeyi danışsın, “Whatsapp”da olan yazışmalarını da silsin. Çünki bu məsələdə adımın hallanmasını istəmirdim”.   Cinayətkar olmadığını deyən C. Hüseynov “altı aydır günahsız yerə həbsdəyəm, bunun haqqını kim ödəyəcək? Allahın hüzurunda olanda öz haqqımı tələb edəcəyəm”, - deyə bildirib.   Məhkəmə prosesi fevralın 24-dək təxirə salınıb.   Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.


Digər xəbərlər

Xəbər xətti