Baloğlan Əşrəfov: "Məsimovlar tezliklə bizə əsl "Xəzər Lənkəran"ı qaytaracaqlar"

16:07 10 Fevral 2016

Böyük azarkeş kütləsinə malik "Xəzər Lənkəran"ın son vaxtlar hansı çətinliklərlə üzləşdiyini bilirsiz.
Sportarena.az xəbər verir ki, birvaxtlar futbol ictimaiyyətinin "Qafqazın "Çelsi"si", "cənub mirvarisi" adlan-dırdığı klub son bir ildə "Azərilayt" markalı neft kimi gündən-günə dəyərini itirir.
Vəziyyət o dərəcəyə çatıb ki, artıq birinci divizionun debütantı "Şərurspor"un baş məşqçisi Məm-mədəli Qəniyev belə mətbuata açıqlamasında Lənkəran təmsilçisi ilə keçirəcəkləri yoldaşlıq oyununda ehtiyat qüvvəni sınayacağını bildirib. Belə yerdə deyiblər: kiminin əvvəli, kiminin axırı. Təxminən 3 il öncə Əziz Yıldırımın da "Fırtınalar meydanı"nın VİP-lojasın-dan canlı izlədiyi yoldaşlıq matçında təkcə Türkiyənin yox, Avropanın sayılıb-seçilən klublarından "Fənərbaxça" ilə qarşılaşan "ağ-yaşıllar"ı indi həvəskar statusundan dünən qurtulan Naxçıvan təmsilçisi də ciddi rəqib gözündə görmür.
"Gəmiçilər"in çöküşü, nəticələrin pisləşməsi azarkeşləri də komandadan küsdürüb. Birvaxt-lar "ağ-yaşıllar"ın hər məğlubiyyətini az qala öz faciəsi kimi qəbul edən, özünü stadionda yandıracağını söyləyən, uğursuzluğa görə özünü avtobusun altına atmağa hazır olan tərəfdar artıq "Xəzər Lənkəran"nın çıxışını, durumunu, nəticəsini laqeydliklə qarşılayır, vaxtilə könül verdiyi komandaya ögey münasibət bəsləyir.

Cənublu azarkeşlərindən söz düşəndə əməkdar artist, ziyalı, qatı "Xəzər Lənkəran" fanatı Ba-loğlan Əşrəfovu xatırlamamaq olmur. Baloğlan bəy komanda yaranan gündən daim onu dəstəklə-yənlərdən, uğuruna sevinən, uğursuzluğuna üzülənlərdən olub. Onu dəfələrlə stadionlarda "gə-miçilər"in oyununu canlı izləyən görmüşük. Bir sözlə, əməkdar artist bəzi həmkarları kimi futbola, "Xəzər Lənkəran"a məhəbbətini dildə yox, əməldə göstərənlərdəndi. Bu üzdən dünən onunla əlaqə saxlayıb, sevimli komandasının son durumu ilə bağlı fikirlərini öyrəndik: "Xəzər Lənkəran"ı belə vəziyyətdə görmək mənim üçün çox ağırdı. Komanda tək mənim yox, bütün cənub bölgəsinin fəxri idi. Bakıda yaşasam da, çox vaxt oyunları canlı izləmək üçün Lənkəra-na yollanıb, matç başa çatandan sonra paytaxta dönürdüm. Ancaq indi vəziyyət 180 dərəcə dəyişib. Sanki qəlbim "Xəzər Lənkəran"dan qırılıb. Düzdü, komandaya sevgim tam ölməyib. Elə bil valideyn övladından inciyib. Ancaq belə davam edərsə, inciklik daha ağır formaya keçə bi-lər. Mənim kimi minlərlə insan bu vəziyyətdədi. Bizim hisslərimizlə oynayırlar. Bütün bun-lara görə isə kimlərsə cavab verməli olacaq. Mən "Xəzər Lənkəran"ın oyunlarını izləmək üçün stadionlara gedəndə hər şeyi yaddan çıxarırdım, özümü bu ailənin bir üzvü sayırdım. Komanda pis oynaya, müvəqqəti "qara zolağ"a düşə bilər. Futbolda belə hallar mümkündü. Ancaq uğursuzluq sistematik davam edirsə, deməli, orda hansısa həll olunası problemlər var. Bu ça-tışmazlıqlar nədi, onu hələ də başa düşə bilmirəm. Yəqin ki, mənim əziz qardaşım, klubun fəxri prezidenti Mübariz Mənsimov, qardaşı Mais bəy və klubda rəhbər vəzifələrdə çalışan insanlar tezliklə bizə əsl "Xəzər Lənkəran"ı qaytaracaqlar".
Bir çox ölkələrdə cəmiyyətdə tanınmış, az-çox imkanı olan şəxslər azarkeşlik etdikləri futbol klubları çətin duruma düşəndə müxtəlif yollarla ona yardım edirlər. Belə nümunələr yetərincə çoxdu. Bəs görəsən, Baloğlan bəy "Xəzər Lənkəran"a kömək üçün konsert təşkil edib, ordan əldə olunan vəsaiti klubun hesabına köçürməyə razı olar? Bu suala əməkdar artistin reaksiyası belə oldu: "3-5 manat "Xəzər Lənkəran" kimi klubun yarasına məlhəm ola bilməz. Belə cüzi vəsaitlə komandanı uğura daşımaq mümkün olsaydı, fikrimcə, "Xəzər Lənkəran" belə acınacaqlı duruma düşməzdi. O ki qaldı konsert məsələsinə, bilsəm ki, konsertdən yığılan vəsait azarkeşlik etdiyim komandanın problemlərini həll edəcək, nəinki 1, 10-15 konsert verməyə hazıram. Hətta respublika üzrə turne də təşkil edərəm ki, "Xəzər Lənkəran"ı əvvəllər olduğu kimi yenə ilk pillələrdə, medallar uğrunda mübarizə aparan görüm. Təəssüf ki, futbol daha çox para tələb edir".
mənbə: "Futbol plus" qəzeti


Xəbər xətti