18 ölkənin idmançıları Bakıda yarışacaq

18:13 12 Fevral 2016

Mart ayının ilk həftəsində Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku baş tutacaq.

Sportarena.az xəbər verir ki, yarışlar 5-6 mart tarixlərində əcnəbi gimnastların daimi təlim-məşq toplanışı məkanına çevrilmiş Milli Gimnastika Arenasında keçiriləcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur. 

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda dünyanın müxtəlif guşələrindən olan ölkələr – Avropa ilə yanaşı, həmçinin uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanın sahillərindən Amerika Birləşmiş Ştatlarını təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə yarışlarda 18 ölkəni təmsil edən 78 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. Bunlardan 46-sı kişi, 32-si isə qadındır. 

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, İlk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda Açıq Azərbaycan Çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.      

İlk günündə təsnifatı keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.

Yarışlar vaxtı izləyicilər də diqqətdən kənar qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.


Xəbər xətti