İdmançılarımızdan 3 gümüş və 3 bürünc medal

21:27 15 Fevral 2016

Estoniyanın Tartu şəhərində keçirilən bədii gimnastika üzrə ənənəvi “Miss Valentine” beynəlxalq turniri təmsilçilərimiz üçün uğurlu olub. Azərbaycanın bədii gimnastları turniri 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Turnirdə Azərbaycan böyüklər, gənclər və yeniyetmə yaş kateqoriyalarında təmsil olunub.

Böyüklər proqramı ilə ilk dəfə çıxış edən gimnastımız Jalə Piriyeva iki finalda mübarizə aparıb. O, gürzlərlə çıxışda beşinci, topla hərəkətlərdə isə yeddinci yerdə qərarlaşıb. İdmançımız çoxnövçülük üzrə yarışda da yeddinci yerlə kifayətlənməli olub.

Gənc gimnast Zöhrə Ağamirova təsnifat mərhələsinin nəticələrinə əsasən çoxnövçülükdə bürünc medal qazanıb. Üç finalda gücünü sınayan Z.Ağamirova gürzlərlə hərəkətlərdə gümüş, ip və top ilə çıxışlarına görə isə bürünc medala layiq görülüb.

Digər gimnast Darya Farşbafşəhriyari də gənclər yaş kateqoriyası üzrə çoxnövçülük yarışında beşinci pillədə yer alıb.

Beynəlxalq arenada debüt edən gimnastlarımız Arzu Cəlilova və Nərminə Səmədova isə yeniyetmələr proqramında çıxış ediblər. N.Səmədova halqa, A.Cəlilova isə topla çıxışlarına görə gümüş medal qazanıb. 


Xəbər xətti