Azər Məmmədov: "Heç bir komandadan qorxmuruq"

18:38 24 Fevral 2016

“Ötən turun oyunundan sonra istirahət edib qarşıdakı görüşə hazırlaşmışıq. Bu gün sonuncu məşqimiz oldu. Yüngül formada 40 dəqiqə məşq etdik. Uşaqları həvəsləndirmək üçün bir qədər də topla əyləncəli hazırlıq keçdik”. 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədov söyləyib. Gənc çalışdırıcı əvəzedici heyətlərin ölkə birinciliyində XXIII turda qarşılaşacaqları “Sumqayıt” ilə oyun haqda danışıb: “Rəqib turnir cədvəlində ikinci yerdədir və yaxşı komandadır. Əsas heyətdən əvəzedicilərə futbolçular cəlb olunur. Düşünürəm ki, bizimlə oyunda da belə olacaq. Bizi çətin oyun gözləyir. Buna baxmayaraq hec bir rəqibdən qorxmuruq. Hər bir komandaya gücümüzü göstərməyə qadirik”.
 
Çempionatın qış fasiləsindən sonrakı hissəsində ilk üç turda “Kəpəz”in əvəzedici komandası heç-heçə edərək yalnız dördüncü oyunda qələbə qazandı. Azər Məmmədovun yetirmələri Bakı səfərində “İnter”ə 3:2 hesabı ilə qalib gəldilər: “Paytaxtdakı qələbə komandada ruh yüksəkliyi yaradıb. Çünki əvvəlki üç oyunda ard-arda heç-heçələr etdik. Özü də hesabda öndə ola-ola oyunun son anlarında qol buraxıb qələbəni əldən vermişdik. Bu amil futbolçuların psixoloji durumuna təsir etmişdi. “İnter” üzərindəki qələbə bu mənada tam yerinə düşdü. Uşaqlarda özünəinam artdı. “Sumqayıt” ilə oyun öncəsi bu qələbə vacib idi ”.

kapazpfc.az


Digər xəbərlər

Xəbər xətti