Cavid Hüseynov: "Ekstrasens deyiləm ki, Elşənin Rasimi döyəcəyini öncədən bilim"

01:07 25 Fevral 2016

Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.
 
Sportarena.az xəbər verir ki, məlum olub ki, işdə dövlət ittihamçısı dəyişdirilib. Bundan sonra məhkəmədə ittiham tərəfini Eldar Balayev təmsil edəcək.
 
Daha sonra futbolçu Cavid Hüseynov hakim və prokurorun suallarını cavablandırıb. Futbolçu bildirib ki, hər kəs onun günahsız olduğunu bilir: “Rasimlə bağlı heç bir problemim olmayıb. Elşənə də demişəm ki, heç nə eləmə. Mən ekstrasens deyiləm ki, Elşənin gedib belə bir şey edəcəyini bilim”.
 
C.Hüseynovdan sonra Rasim Əliyevi döyməkdə təqsirləndirilən Elşən İsmayılov ifadə verib. Onun sözlərinə görə, mərhum jurnalist Rasim Əliyev onu söyüb: “Mənə ana söyüşü söymüşdü. Cavidə dedim, məsələ artıq sənin deyil, mənimdi. Cavid dedi, Rasim zəng edib bizdən üzr istəyib. Gözlədim, mənə də zəng eləyib, üzr istəyəcək. Eləmədi. Özüm zəng elədim, dedim, niyə üzr istəmirsən? Məni israrla Bayıla çay içməyə çağırdı. Çatan kimi soruşdum ki, məni niyə söymüsən? Dedi, yaxşı eləmişəm. Mən də vurdum”.
 
C.Hüseynovun vəkili Adəm Məmmədov işdə adıçəkilən şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi barədə vəsatət verib, lakin vəsatət təmin olunmayıb. Bununla belə, hakim bildirib ki, şahidlərə müvafiq qaydada məhkəməyə dəvət ediləcək.
 
Proses martın 11-də davam etdiriləcək. (Lent.az)


Digər xəbərlər

Xəbər xətti