Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilənlər bəraət istədilər

15:47 3 Mart 2016

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sportarena.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Arif Əliyevin vəkili Fəxrəddin Əliyev çıxış edərək müdafiə etdiyi şəxsə verilən ittihamı əsassız adlandırıb: “İttihamda qeyd edilib ki, Arif Əliyev Rasim Əliyevin telefonunu oğurlayıb. Lakin bu yalandır”.

Vəkil həkimlərin cinayət məsuliyyətinə cəlb olunması üçün sənədlərin Baş Prokurorluğa göndərilməsini və Arif Əliyevə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə bəraət verilməsini istəyib.

Daha sonra təqsirləndirilən Samir Mustafayevin vəkilləri Ruslan Həsənov və Bəxtiyar Hacıyev çıxış ediblər. Onlar da S. Mustafayev barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Sonda təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli çıxış edərək K. Əliyevin heç kimi vurmadığını və cinayətdə də iştirak etmədiyini bildirib. O, K. Mədətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin 307.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə prosesi martın 10-da davam etdiriləcək.

Qeyd edək ki, fevralın 23-də keçirilən  prosesdə dövlət ittihamçısı çıxış edib. O,  Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Bu ölüm işində futbolçu Cavid Hüseynovun da adı keçir.


Digər xəbərlər

Xəbər xətti