"Neftçi"nin "Xəzər Lənkəran"ın qapısına vurduğu ikinci qolda hakim səhvi etiraf olunub - VİDEO

15:55 10 Mart 2016

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Neftçi"nin "Xəzər Lənkəran"ın qapısına vurduğu ikinci qol epizodunda hakim səhvi aşkarlanıb.


Sportaren.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 


X.Məmmədov bildirib ki, 64-cü dəqiqədə qeydə alınan epizod zamanı yan xətt hakimi Namiq Hüseynov ötürmə anında oyundankənar vəziyyətin olduğunu müəyyənləşdirə bilməyib: 
"Biz düzü düz, əyrini əyri deyirik. Bəli, "Neftçi"nin ikinci qolunda köməkçi hakim səhv edib. Orada oyundankənar vəziyyət vardı".


Lakin Komitə sədrinin fikrincə, bu, birbaşa nəticəyə təsir edən səhv deyil: "Düzdür, bu da ciddi səhv sayılır və o səhvdən sonra ikinci qol vurulub. Amma qolu həmin futbolçunun özü vursaydı, razıyam, bu, birbaşa nəticəyə təsir edən səhv sayılmalı idi".


X.Məmmədov özünün hakim-inspektor olduğu oyunda laynsmanın aşağı qiymət aldığını etiraf etsə də, cəza müddəti barədə danışmayıb: "Başqa şeyləri açıqlamaq istəmirəm".

 

İlk qol epizoduna gəldikdə, Komitə sədri hesab edir ki, həm "Neftçi"nin hücumunun başlanğıcında, həm də penalti təyin olunarkən baş hakim Rəhim Həsənov düzgün qərar qəbul edib: "Həmin epizodda çiyin-çiyinə mübarizə nəticəsində "Xəzər Lənkəran"ın oyunçusu ayaqda dura bilmir və yıxılır. Bu da qaydalar çərçivəsindədir. Orada qayda pozuntusundan söhbət gedə bilməz. Penaltini də hamı gördü. Savadsızlıq deməzdim, amma futbolçu ehtiyac olmayan yerdə rəqibə qarşı sürüşmə fəndindən düzgün istifadə etmir".


Qeyd edək ki, "Xəzər Lənkəran"la cavab oyununda "Neftçi" qalib gəlib - 2:0. Bu qələbə sayəsində flaqman yarımfinala yüksəlib. "Xəzər Lənkəran" isə hər iki qol epizodunda oyun qaydalarının pozulduğunu iddia edir. (Report)


Xəbər xətti