Yunan-Roma güləşçimizdən bürünc medal

23:49 12 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 

Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. 

Bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 

66 kq çəkidə mübarizə aparan Kamran Məmmədov ilk görüşündə Danimarkadan Calr Anders Poul Ekstroem üzərində qələbə qazansa da, Serbiya təmsilçisi Davor Stefaneklə gərgin keçən görüşdə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Bu görüşdə Macarıstandan Kriştian Jageri mübarizədən kənarlaşdıran Kamran bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Litvadan Edgaras Venckaitislə gərgin keçən qarşılaşmanı üstün tamamlayan güləşçimiz Avropa çempionatının bürünc medalına yiyələnib. 

98 kq çəkidə yarışlara qatılan gənc güləşçimiz Orxan Nuriyev ilk görüşdə ev sahibi komandanın üzvü Aleksandrs Safonovs üzərində inamlı qələbə qazanıb. Ardınca Almaniyadan Peter Oehleri də məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Rusiya təsmilçisi təcrübəli Nikita Melnikovla gərgin keçən görüşü uduzan Orxan bürünc medal uğrunda həlledici qarşılaşmaya çıxıb. Belarus idmançısı Aleksandr Hraboviklə görüşü məğlub başa vuran güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb. 

 


Digər xəbərlər

Xəbər xətti