AFFA indidən ikinci "Rəvan" axtarsa yaxşıdır - YAZI

10:45 23 Mart 2016

I Diviziondan Premyer Liqaya gələn olmayacaq?
Mövsüm sona yaxınlaşır. Premyer Liqada çempion və elitanı tərk edəcək komandalar böyük ölçüdə məlumdur. Hesabından 6 xalı silinən “Rəvan", keçmiş günlərinin qaytarılması arzusu ilə alışıb-yanan “Xəzər Lənkəran" I Diviziona çox yaxın görünür. Amma son 2 pillədən birini tutmaq o demək deyil ki, həmin komandalar növbəti mövsüm I Divizionda çıxış edəcəklər. Çünki Azərbaycan futbolunda bir çox hallarda yazılmamış qanunlar işləyir. AFFA-nın ötən yay olduğu kimi, bu dəfə də ikinci “Rəvan" axtarışına çıxacağı da indidən məlumdur. Bəlkə də elə yenidən “Rəvan"ın özünə elçi düşdülər ki, elitada qalıb mübarizə aparsın. Niyəsi məlumdu. I Diviziondan Premyer Liqaya gələcək səviyyədə komanda yoxdur. Nə maddi, nə də infrastruktur baxımdan.

 

Stadionsuz lider
Əslində bu  durumun yaranmasının da günahkarı AFFA özüdür. Çünki futbolda elə mühit yaranıb ki, heç kim bu sahəyə pul qoymaqda maraqlı deyil. Çempionatda oynayan komandaların da 70-80 faizini federasiya özü maliyyələşdirir. Bundan başqa, tətbiq edilən anormal yaş limiti də bir tərəfdən divizionu uşaq baxçasına döndərib.  Bir sözlə, hazırda I Divizionda Premyer Liqada oynamağa hazır komanda yoxdur. Bu mənada çətin ki, kimsə AFFA-nın lisenziyalaşdırma şərtlərini yerinə yetirsin. Təsəvvür edin, lider “Neftçala"nın normal stadionu yoxdur və ev oyunlarını Binədə keçirir. Stadionu olmayan komanda  necə lisenziya alacaq? 
"Qaradağ Lökbatan" üçün Premyer Liqa çoxdan röyaya çevrilib. SOCAR-ın komandası hər il sadəcə, oynamaq xatirinə oynayır. “Ağsu" da  AFFA-dan maliyələşir. Klubun ev oyunlarını keçirdiyi stadion da federasiyaya məxsusdur. Demək ki, onların da elitaya çıxmaq şansı sıfıra bərabərdi.  Çünki bu böhran vaxtı AFFA Premyer Liqada əlavə bir komanda da saxlaya bilməz. 

 

 

“Şəmkir" yanıltdı, “Şahdağ" səfərə yol pulu tapmır
4-cü pillədə qərarlaşan “Şəmkir" mövsüm öncəsi ümid verirdi. Yerli icra hakimiyyətinin dəstəyi ilə iddialı planlar quran şəmkirlilər hətta yeni stadion tikmək məsələsini də gündəmə gətirmişdilər. Ayrılmış əraziyə rayonun icra başçısı Alimpaşa Məmmədov da baxmışdı.  Lakin təəssüf ki, devalvasiyadan sonra hər şey suya endi. İndi “Şəmkir" heç futbolçularına vaxtlı-vaxtında maaş verə bilmir. İcra hakimiyyəti komandaya əvvəlki kimi kömək edə bilmir. Komanda qalıb hər ay AFFA-dan göndərilən 10-12 min manatın ümidinə. 10-12 min manatla isə Premyer Liqada oynamaq mümkün deyil. Odur ki, “Şəmkir" də lisenziyadan gözünü çəkməlidir. “Bakılı"nın türklər demiş, zaten belə bir iddiası və həvəsi yoxdur. “Zaqatala" və “Mil-Muğan"ın gələcəyi sual altındadır. Çünki büdcəni azaldan AFFA saxladığı bəzi I Divizion klublarını, ümumiyyətlə. siyahıdan silmək istəyir. Konkret olaraq, “Mil-Muğan"ın fəaliyyətini dayandırması  gündəmdədir.  “Zaqatala"ya sponsorluq etmək istəyən imkanlı şəxslərə isə mövsüm öncəsi AFFA bu imkanı vermədi.  Bundan sonra isə çətin ki, həmin insanlar yenidən eyni niyyətə düşsünlər. 
AFFA-dan aslı olmayan “Şahdağ"ın durumuna isə bir molla lazımdır ki, oturub ağlasın. Görün, komanda nə günə qalıb ki, rəhbərlik rayon camaatına oyunlara getməkdə kömək göstərmək üçün ağız açıb. Belə komandanın Premyer Liqa iddiasından danışmaq isə ağılsızlıq olardı.

 

 

“Bakı" geri dönüş edə bilmədi
"Bakı"nın yenidən Premyer Liqaya qayıdacağına ümid çox böyük idi. Elə klub rəhbərliyi də buna çox inanırdı. Çoxları Hafiz Məmmədovun toparlanıb vəziyyətini düzəldəcəyinə və komandanı da böhrandan çıxaracağına ümid edirdilər. Təəssüf ki, bu, baş vermədi. 17 turdan sonra aktivində cəmi 11 xal olan “zolaqlılar" turnir cədvəlində yalnız “Göyəzən" və “Energetik"i qabaqlayır. Futbolçular isə neçə aydır maaş üzünə həsrətdilər. Təbii ki, AFFA-nın belə bir komandaya lisenziya verməsi inandırıcı deyil. Burada bir məşama toxunmaq lazımdır. Belə ki, “Bakı" I Divizionun digər komandaları ilə müqayisədə xeyli üstünlüklərə sahibdir. Məsələn, komandanan öz stadionu, bazası, akademiyası və s. var. Bu üzdən “Bakı"nın növbəti mövsüm Premyer Liqada oynamasını gözlək olardı. Lakin AFFA rəhbərliyinin Hafiz Məmmədovla münasibətlərinin rəvan olmadığı hamıya məlumdur. 

 

 

“Turan Tovuz"un ümidləri puç olur
 “Turan Tovuz" tutduğu yerə görə yox, təmsil etdiyi bölgəyə görə nəyəsə ümid edə bilər. Çünki mövsüm öncəsi belə söhbət var idi ki, Gəncənin ardından Tovuz təmsilçisi Premyer Liqaya gətiriləcək. Ancaq həmin söhbət ortaya çıxanda durum indiki kimi deyildi. AFFA istəyirdi ki, Tovuz İcra Hakimiyyəti ilə komandanı birgə saxlasınlar. Eynilə “Kəpəz"də olduğu kimi. Daha bir variant isə komandaya sponsor tapmaq idi. Lakin bu planların heç biri baş tutmadı. Sponsor axtarışı nəticə vermədi. Daha doğrusu, federasiya öz maraqları çərçivəsində sponsor tapa bilmədi. İcra hakimiyyəti isə bildirdi ki, onların Premyer Liqada komanda saxlayacaq qədər büdcələri yoxdur. Məlum devalvasiyadan sonra AFFA özü də geri çəkilməyə məcbur oldu. 
MOİK-in gələn mövsümlə bağlı ciddi planları var. Müdafiə Nazirliyi komandaya əlavə büdcə ayırmağı və iddialı komanda qurmağı planlaşdırır. Lakin bütün bu planlar I Diviziona hesablanıb. Yəni “hərbçilər"in gələn mövsüm üçün planlarına Premyer Liqa daxil deyil. “Energetik" və “Göyəzən"dən isə… danışmasaq, yaxşıdır.

 

Bəlkə “Şərurspor"?
AFFA-ya bağlı olmayan şəxs tərəfindən maliyələşən “Şərurspor" müstəqil klub kimi Premyer Liqaya iddia edə bilər. Hətta aldığımız qeyri-rəsmi məlumata görə, klub rəhbərliyi şəxsi bizneslərindən əlavə yarım milyon manat ayırıb Premyer Liqa üçün AFFA-ya müraciət etmək istəyir. Lakin məlum məsələdir ki, tək büdcə ilə iş keçmir. Lisenziya almaq üçün 13 yaş qrupundan ibarət uşaq komandaların və infrastrukturun olmalıdır. Bundan başqa, son zamanlar bu klubun adı oyun alverində hallanlr ki, bu da “Şərurspor" haqda müsbət rəy formalaşdırmır.  Ancaq ötən mövsüm göstərdi ki, çıxılmaz vəziyyətdə qalanda AFFA hər bir kluba ağız aça bilər. Bu mənada yayda növbəti “Rəvan" axtarışına çıxan federasiya elə “Şərurspor"u Premyer Liqaya buraxmaq məcburiyyətində də qala bilər. Çünki müstıqil hesab olunan klublardan normal pulu olan tək komanda “Şərurspor"dur. İndiki zəmanədə isə əsas puldur. Qalanı… AFFA-nın boynuna.
ANAR
“Het-trik news” qəzeti


Xəbər xətti