Güləşçilərimizin 1 qızıl, 3 bürünc medal qazanma şansı

16:12 29 Mart 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. 

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb.


59 kq-da çempionatda iştirak edən Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayıb və  finala yüksəlib. Son görüşdə onun rəqibi Rusiyadan Sergey Emelin olacaq. 

 

71 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov ilk iki görüşündə inamlı qələbə qazansa da, yarımfinalda Xorvatiya təmsilçisi Antonio Kamenjasevicə uduzub. O, bürünc medal uğrunda görüşdə Macarıstan güləşçisi Pal Krisztian Kotteslə qarşılaşacaq. 

 

80 kq-da yarışan Elton Vəzirzadə ilk görüşündə Türkiyə təmsilçisi Burhan Akbudaka məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Latviyadan Ceslavs Bestenisdən üstün olub. Bu qələbə Eltona bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə onun rəqibi Macarıstan təmsilçisi Zoltan Keri olacaq. 

 

Mübarizəyə 1/16 final mərhələsindən qoşulan 98 kq-da təmsilçimiz Orxan Nuriyev yarımfinalda Gürcüstan güləşçisi Kukuri Kırtsxaliyə məğlub olub.  Təsəlliverici görüşlərə qatılan Orxan Polşa təmsilçisi Aleksander Kroczakı məğlub edib. Bununla da təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Son rəqib Rusiyadan Musa Evloev olacaq. 

 

Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti