Jurnalistin ölümündə təqsirləndirilən şəxslər: "Biz bin Laden deyilik!"

22:08 31 Mart 2016

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov,  Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov,  Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sportarena.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Elşən İsmayılov, Samir Musatafayev və Camal Məmmədov son sözlə çıxış edib.
 
C.Məmmədov bildirib ki, R.Əliyevin ölümündə heç bir təqsiri yoxdur: “Ola bilər ki, xuliqanlıq etmişik, dalaşmışıq, ancaq Rasimi biz öldürməmişik. Mən cinayətkar deyiləm, amma siz mənə 12 il iş oxuyandan sonra cinayətkar olacağam. Biz bin Laden deyilik”.
 
S.Mustafayev də özünü heç bir şeydə təqsirli bilmədiyini bildirib: “Yaxşı ki, video var. Orda da görünür ki, Rasimi yerdən mən qaldırmışam. Onu da insanlıq naminə yerdən qaldırdım ki, döyürlər”.
 
E.İsmayılov isə son sözündə bildirib ki, R.Əliyevi öldürmək niyyəti olmayıb: “Mən onu öldürmək istəsəydim, heç kimə deməzdim, başıma maska taxıb, gedib bıçaqlayardım. Mən Rasimi nə öldürmüşəm, nə də öldürmək niyyətində olmuşam. Yanımdakılardan da yalnız Camalla Arif vurub, digər iki nəfərin isə ümumiyyətlə günahı yoxdur”.
 
Məhkəmə müşavirəyə gedib. Proses sabah saat 10:30-a təyin edilib. Sabah təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənilir.
 
Xatırladaq ki, prokuror çıxışında Elşən İsmayılov və Arif Babayevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edib.
 
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
 
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb. (lent.az)


Digər xəbərlər

Xəbər xətti