Azərbaycanda ağır atletikanın inkişaf perspektivləri müzakirə olunub

Sportarena.az      6 Aprel 2018, 01:26

Azərbaycanda ağır atletikanın inkişaf perspektivləri müzakirə edilib.

Müzakirə aprelin 5-də Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri Cahangir Əsgərovun Bakıda səfərdə olan Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan ilə görüşü zamanı baş tutub.

Görüşdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Gənclər və İdman Nazirliyinin Dopinqlə mübarizə sektorunun rəhbəri İradə Rüstəmzadə, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və məşqçi heyəti iştirak edib.

Söhbət zamanı Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri Cahangir Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi diqqətdən danışıb.

C.Əsgərov bildirib ki, Azərbaycanda idman infrastrukturunun inkişafı üçün kompleks işlər görülür. Ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturu yaradılıb, idmanın inkişafı üzrə dövlət proqramları qəbul edilib və idmançıların sosial problemləri uğurla həll olunur.

Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan öz növbəsində qeyd edib ki, Beynəlxalq Ağır Atletika Federasiyasına üzv olan heç bir ölkədə idman sahəsində belə sürətli inkişaf və dövlət dəstəyi görməyib.

Görüşdə həmçinin Hyustonda dünya çempionatının yekunlarına əsasən bəzi azərbaycanlı ağır atletlərin dopinq testinin müsbət çıxmasından narahatçılıq ifadə olunub. Qeyd olunub ki, idmanda dopinq məsələləri Azərbaycanda ciddi narahatçılıq doğurur. Bu məsələyə ən yüksək səviyyədə baxılır və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün ciddi tədbirlər görülür.

Hazırda azərbaycanlı ağır atletlərin bəzi dopinq testlərinin müsbət çıxmasının səbəblərinə dair ciddi daxili araşdırma aparılır ki, bunun da nəticələri ən yaxın zamanda məlum olacaq.

Görüşün sonunda C.Əsgərov Azərbaycanda gözəl gənc nəslin yetişdiyini qeyd edib və həmçinin ölkə regionlarında bu idman növü üzrə yeni istedadlı gənclərin axtarışı və cəlb olunmasına dair göstərişlər verib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin