"Atam yenidən "Xəzər Lənkəran"da işləməlidir" - Mirça Rednikin qızı

15:25 6 Aprel 2016

"Xəzər Lənkəran"ın sabiq rumıniyalı məşqçisi, cənublu fanatların sevimlisi Mirça Rednikin qızı Luana Rednikin "Qafqazinfo"ya müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Luna Rednik müsahibəsində Mirça Rednikin yenidən "Xəzər Lənkəran"da işləməsini istədiyini bildirib.

 

- Azərbaycanı xatırlayırsız?

- Mən şadam ki, belə bir ölkədə oldum və yaşadım. Ümumiyyətlə, həyatımda möhtəşəm təcrübələrdən biri oldu. Atam mənə Azərbaycan haqqında danışanda təəccüblənmişdim. Sizin ölkəni görəndə çox sevdim və hələ də unuda bilmirəm.

 

- Elə “Xəzər Lənkəran” azarkeşləri də atanızı unuda bilmir...

- “Xəzər Lənkəran” mənim də sevimli klublarımdandır. Çox şadam ki, atam orda böyük işlər gördü və çoxlu azarkeşin sevgisini qazandı.

 

- Ölkəmizdə yaşadınız və burda sizi təəccübləndirən, sevindirən nə oldu?

- Azərbaycan çox tanınmasa da, gözəl ölkədir. Mən sizin ölkədə çox istirahət etmişəm. Məni ən çox təəccübləndirən isə Avroviziya mahnı müsabiqəsinin təşkili idi. Heç vaxt unutmayacağım günlər idi. Azərbaycan bu yarışı mükəmməl təşkil etmişdi.

 

 

- Lənkəranı necə xatırlayırsız?

- Bu şəhər kiçik olsa da, insanlarının mehribanlığı, dostluğu, səmimiliyi, qonaqpərvərliyi unudulmazdır. Şəhərə çıxarkən insanlar atama böyük hörmətlə yanaşırdı. Bu bizi çox sevindirirdi. Sözün düzünü desəm, atamın qayıdıb yenidən bu ölkədə, “Xəzər Lənkəran”da işləməyini istəyərəm.

 

- Mirça Rednik indi də bu komandadan danışır?

- Mənim atam hər zaman “Xəzər Lənkəran”dan danışır və maraqlanır. Daim izləyir. Hətta klubun indiki durumundan çox narahatdır. Hər gün deyir ki, görəsən, niyə onlar bu qədər zəiflədi?

 

- Siz də futbol sahəsində işləyirsiniz?

- Yeni başlamışam. Belçika Futbol Federasiyasından futbol agentliyi üçün lisenziya aldım. Mən xüsusilə atamla işləyəcəyəm. Onun yanında çalışacağam.

 

 

- Belçikanın “Zaventem” hava limanında törədilən terror zamanı orada olmusuz...

- Bəli, mən yanlış zamanda, yanlış yerdəydim. Amma şanslı adamam. Ordan salamat qurtula bildim. Çox faciəvi hadisə idi. Bütün insanlara bu cür təhlükələrdən uzaq olmağı arzulayıram.

 

- Ümumiyyətlə, orda nə baş verdi və sonda nələr oldu?

- Səhər hava limanına gəldim. Hər kəs pasportlarını vermək üçün sıraya düzülmüşdü. Belçika saatı ilə 07:50-da ilk bomba səsi eşidildi. İlk bomba mənə çox yaxın yerdə partladı. Bir neçə saniyə sonra ikinci giriş qapısının yanında növbəti dəfə bomba partladı. Həmin vaxt hava limanının tavanı çökməyə başladı və böyük bir tüstü içəri daxil oldu. 10-15 dəqiqə sonra polis insanları evakuasiya etməyə başladı. Biz hava limanını tərk etdik.

 

- Sonra...

- Oranı tərk etdikdə xeyli sayda yaralı insan gördüm. Onlar təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşınırdılar. Bu, əsl kabus idi. Amma çox sevinirəm ki, mən sağam və bu müsahibəni sizə verirəm.

 

- Siz ora lisenziya almaq üçün getmişdiniz?

- Bəli.


Xəbər xətti