Azərbaycan Kubokunun finalı Olimpiya stadionunda keçiriləcək

13:15 7 Aprel 2016

Futbol üzrə Azərbaycan kubokunun finalının keçiriləcəyi stadion müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, həlledici qarşılaşma böyük ehtimalla bölgədə yox, Bakı Olimpiya Stadionunda oynanılması nəzərdə tutulur.

 

Bir müddət öncə finalın Gəncə şəhər stadionunda keçiriləcəyi bildirilirdi. Məsələ ilə bağlı açıqlama verən klub rəsmiləri də məlumatı təsdiqləmişdilər. Onlar həmin müddətə kimi stadionun ot örtüyünün və oturacaqlarının normal vəziyyətə salına biləcəyini demişdilər. Lakin klub rəhbərliyinin məsələyə biganə yanaşması gəncəlilərin kubokun həlledici matçını izləmək arzusunu ürəklərində qoyub.

 


Məlum olub ki, hazırda AFFA və PFL rəhbərliyi Gəncə stadionunun yararsız vəziyyətdə olduğunu nəzərə alaraq matçın orada keçirilməsini məqsədəuyğun bilməyib. Belə ki, mayın 25-də baş tutacaq qarşılaşmanın AFFA-nın nəzdində olan Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılır.

 

Qeyd edək ki, finala vəsiqə uğrunda “İnter”lə “Qarabağ”, “Neftçi” ilə “Qəbələ” komandaları mübarizə aparacaqlar. Yarımfinalın ilk görüşləri aprelin 27-də, cavab matçları isə mayın 4-də keçiriləcək.(azertac)


Digər xəbərlər

Xəbər xətti