"Olimpiya Oyunlarında da tarix yazacağıq və Azərbaycan xalqını sevindirəcəyik"

18:10 7 Aprel 2016

Aprelin 15-dən 17-dək Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. Güləş üzrə Azərbaycan yığma komandaları turnirə və qarşıdan gələn yarışlara hazırlığı davam etdirir.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışlarını davam etdirir.

Aprelin 7-də yığmanın mətbuat üçün açıq məşqi keçirilib.

Məşqdən sonra komandanın baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə verdiyi açıqlamasında “Rio-2016”da yüksək nəticə qazanacaqlarına inandığını bildirib.

O, hazırlıqdan və əldə olunan nəticələrdən danışıb: “Las-Veqasdakı dünya çempionatından qayıdandan sonra əvvəlki proqram üzrə davam etdik. 14 məşq proqramı hazırlamışıq və bu istiqamətdə də məşqlər gedir. İki lisenziya turnirində iki fərqli heyət iştirak edəcək. İnanıram ki, ilk lisenziya yarışından bunları əldə edərik. Bundan sonra möhkəm komanda olaraq həmin tədbirdə iştirak edərik. Alınmasa, ikinci və üçüncü komandalarımız da hazırdır. Lisenziya əldə etdikdən sonra olimpiadada uğurla çıxış edərik. İlk dəfə olaraq Dünya Kubokunda kürsüyə çıxdıq, 3-cü yeri tutduq. Tehranda Rusiya və İran komandasını udub birinci yeri qazandıq. Ardınca 4 lisenziya aldıq və daha bir tarix yazdıq. “Bakı 2015” I Avropa Oyunlarında 6 medal qazandıq, Las-Veqasda dünya ikincisi olduq. İnanıram ki, güləşçilərin, məşqçilərin, federasiyanın zəhməti boşa çıxmayacaq və Olimpiya Oyunlarında da tarix yazacağıq. Nəticədə Azərbaycan xalqını sevindirəcəyik”.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması 2015-ci ildə Las-Veqasda keçirilən və Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatında 6 mümkün vəsiqədən 4-nü qazanıb. 59, 75, 85 və 130 kq çəkilərdə güləşçilərimiz elə ilk cəhddəcə Olimpiya vəsiqələrini əldə edib.

İlk cəhddə vəsiqə əldə edilməyən çəki dərəcələri üçün güləşçilərimiz qitə və dünya təsnifat turnirlərində mübarizə aparacaq. Bu yarışlar 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.

Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunlarında avqustun 14-dən 21-dək sərbəst, yunan-Roma və qadın güləşçilər 18 dəst medal uğrunda mübarizə aparacaq.(azərtac)


Digər xəbərlər

Xəbər xətti