Millimizin rəqibləri: "Azərbaycan yığması ilə oyunlar çətin olacaq"

00:33 9 Aprel 2016

Mayda Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycan yığmasına qarşı oynamaq bizim üçün çətin olacaq. Çünki Azərbaycan yığması ilə ilk dəfə eyni qrupda yer alacağıq.

Bu sözləri çempionatda Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının baş məşqçisi Tyerri Sique deyib.

Jurnalistlər üçün təşkil olunan brifinqdə çempionat haqda fikirlərini bölüşən T.Sique Azərbaycan yığmasının sürpriz edə biləcəyindən çəkindiklərini vurğulayaraq deyib: “Hər şey meydanda bəlli olacaq. Qrupda bütün oyunlar çox çətin olacaq. Xüsusən də Azərbaycan ilə görüş bizə əlavə çətinlik yaradacaq. Təbii ki, Portuqaliyanı da vurğulamaq lazımdır. Şotlandiyanı da çətin rəqib hesab etmək olar. Ümid edirəm ki, Belçika bu qrupdan çıxıb, növbəti mərhələyə yüksələ biləcək. Çox çətin qrupdur. Təbii ki, Azərbaycanın azarkeşləri daha çox olacaq. Bu da Azərbaycan komandasına əlavə üstünlük qazandıracaq”, - deyə belçikalı mütəxəssis bildirib.

Millimizin rəqiblərindən olan Şotlandiya yığmasının baş məşqçisi Skott Qemill rəqibləri dəyərləndirərkən deyib: “Bakıda olduğumuz üçün çox şadıq. Hər şey istədiyimiz kimi oldu. Turnirə yüksək səviyyədə hazırlaşırıq. Fikrimiz yalnız bu yarışa yönəlib. Azərbaycanın motivasiyası digər yığmalarla müqayisədə yüksək olacaq. Yerli komanda amilini nəzərə alsaq, daha hazırlıqlı görünürlər. Belə komanda ilə eyni qrupda yer almağımız çox sevindiricidir. Portuqaliya və Belçikaya gəldikdə isə onların qrupun favoritləri olması fikri ilə razı deyiləm. Çünki final mərhələsinə vəsiqə qazanan hər bir komanda burada yüksək səviyyədə iştirak etməyə hazırdır”.

Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Elio Souza isə Azərbaycan millisi haqda əvvəlcədən fikir söyləməkdə çətinlik çəkdiyini vurğulayıb. Ev sahibi olması baxımından yığmamıza qarşı oyunun çətin keçəcəyini deyən portuqaliyalı çalışdırıcı

növbəti mərhələyə yüksələcəklərinə ümid etdiyini gizlətməyib: “Təbii ki, biz buraya hazırlıqlı gələcəyik. Yaxşı heyətimiz var. Final mərhələsinə gəlib çıxmışıqsa, deməli, yaxşı futbolçulara sahibik. Gələcəkdə Portuqaliyadan Kriştianu Ronaldo kimi futbolçu çıxıb-çıxmayacağını deyə bilmərəm. Amma əlimizdən gələni edirik ki, futbolçularımızın səviyyəsini artıraq”.

Çempionatın favoritləri ilə bağlı fikrini bildirən portuqaliyalı mütəxəssis bu baxımdan Almaniya, Hollandiya, İspaniya və İngiltərə milli komandalarını qeyd edib. 


Digər xəbərlər

Xəbər xətti