Taekvondoçumuz komandamıza əlavə yer qazandırıb

00:49 9 Aprel 2016

Dünya Taekvondo Federasiyası tərəfindən Almaniyanın Bonn şəhərində təşkil edilən “Prezident kuboku” beynəlxalq turnirinə start verilib.

Sportarena.az xəbər verir ki, G2 kateqoriyalı yarışda böyüklərdən ibarət yığma komandamız da iştirak edir.

Yarışın ilk günü millimizin üzvü Məhəmməd Məmmədov uğurlu çıxış edərək gümüş medala layiq görülüb. İspaniyalı David Losada Eskueri, Fransa təmsilçisi Dylan Çellamootoonu və rus idmançısı Bolat İzutdinovu məğlub edən M.Məmmədov dörddəbir finalda italiyalı Andrea Canoya heç bir şans verməyərək yarımfinala yüksəlib.

Xorvatiyalı taekvondoçu Deni Andrun Raziclə finala vəsiqə uğrunda döyüşdən də üzüağ çıxan millinin üzvü həlledici görüşü də eyni ölkənin təmsilçisinə qarşı keçirməli olub. Lakin Lovre Brecic idmançımız üçün keçilməz olub. Beləliklə, 63 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan həmyerlimiz, yarışı gümüş medalla başa vurub. Bu isə komandamıza mayda İsveçrədə keçiriləcək Avropa çempionatında əlavə yer qazandırıb. Belə ki, qitə çempionatında eyni çəki dərəcəsində (63 kq) M.Məmmədovdan başqa daha bir taekvondoçumuzun iştirak edəcək.

Qeyd edək ki, yarışın mükafatçıları Avropa çempionatında milli komandalara eyni çəkidə əlavə lisenziya qazandırır. Komandamız aprelin 11-də Vətənə qayıdacaq. ( azərtac.az)


Xəbər xətti