"Sumqayıt"ı texniki məğlubiyyətdən mətbuat katibi xilas etdi

14:56 10 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” qarşılaşması meydan sahiblərinə texniki məğlubiyyət verilməsi ilə nəticələnməli idi. 

 

Sportarena.az xəbər verir ki, bu halın baş verməməsini son anda “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov alıb.

 

Meydan sahibləri hesabda geri düşdükdən sonra baş məşqçi Samir Abasov Nicat Muxtarovun əvəzinə Amil Yunanovu döyüşə atmaq qərarını verdi. Artıq 4-cü hakim Rəvan Həmzəzadə elektron lövhəni qaldıraraq, əvəzetmənin rəsmiləşməsini nümayiş etdirmək istəyirdi ki, araya “Sumqayıt”ın sözçüsü girdi. Media tribunasında yer alan Məmmədov məşqçi heyətinə bağışlanılmaz səhvə yol verdiklərini telefonla zəng vuraraq bildirdi. 

 

Məsələ burasındadı ki, Nicat Muxtarov reqlamentə əsasən 21 yaşı tamam olmayan futbolçu kimi start heyətində yer almışdı. Yunanov onu əvəzəyəcəyi təqdirdə reqlament pozulmuş olurdu və nəticədə meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilməklə yanaşı, pul cəzası da kəsiləcəkdi.

 

Son anda vəziyyəti dəyişən “Sumqayıt” Muxtarovun əvəzinə limiti pozmayan – 1997 təvəllüdlü Xəyal Nəcəfovu oyuna daxil etdi. Yunanov isə az sonra Vaqif Cavadovun yerini tutdu.

 

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” görüşü 1:1 hesabı ilə başa çatıb.(futbolinfo.az)


Xəbər xətti