Orxan Sadıqlı: "Bilmirəm klubda nə baş verir"

21:29 10 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasının XXIX turunun son oyununda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

 

Matçdan sonra "ağ-yaşıllar"ın qolkiperi Orxan Sadıqlı Sportarena.az saytına müsahibə verib.

- Oyun haqqında fikirlərin...
- İlk hissədə üstünlük bizdə idi. Amma yenə də istifadə edə bilmədik. Məğlubiyyətə və öz səhvimə görə azarkeşlərimizdən üzr istəyirəm. Çalışacağıq ki, növbəti oyunlarda xal və xallar qazanaq. Biz də artıq yorulmuşuq uduzmaqdan. Belə oyunlardan gərək ən azından 1 xal götürək. 

 

- Vurulan qol şübhə yaradırdı. Səncə Ruslan Qurbanov oyundankənar vəziyyətdə idi?
- Vallah onu mən görmədim, yalan deyərəm. Səhv eləmirəmsə orda topu itirdik, "Neftçi" bizi əks-hücumda yaxaladı. Mən gözümü bir də açıb gördüm ki, Ruslan artıq topa zərbə endirir. Əgər qol oyundankənar vəziyyətdən vurulubsa yəqin ki, buna baxılacaq, video hazırlanacaq.

 

- "Xəzər Lənkəran" demək olar ki hər oyunun ilk 30 dəqiqəsini yaxşı oynayır. Sonrakı dəqiqələrdə isə komanda oynaya bilmir, rəqiblərlə bacarmır. Səncə bu, fiziki durumun zəif olmasındandı, yoxsa nədən asılıdı?
- Bizdə hər oyun belədi. "Qarabağ" və ya "Sumqayıt"la  bir çox epizodlarımız var idi. Biz yaratdığımız epizodlardan istifadə edə bilmirik, sonar da onlar yüklənirlər qapımıza. Qabaqda top saxlaya bilmirik. Müdafiəçilər də qaçmaqdan yorulur. Komandamız oyunu həmişə müdafiədən qurur. Gücümüz də var. Sadəcə, qol epizodlarını boşa veririk. Bu da təcrübəsizlikdəndi.

 


- Tural Qürbətov qapıçıyla üzbəüz qalıb, topu tora göndərə bilmirsə, bu artıq təcrübəsizlik deyil. Bunun başqa bir səbəbi və izahı var.
- Şansızlıqdır. Təcrübəni buna bağlamıram. Təcrübəsizlik ona deyirəm ki, qabaqda top saxlaya bilmirik. Qabaqda top saxladığımızda da, futbolçular bilmir topu hara vursun. Tural həm məşqdə, həm də oyunda çox çalışır qol vurmaq üçün.  Oyunda sadəcə  bəxti gətirmir. Tural oyunçular arasında seçilən futbolçulardan biridir.  Hər oyunda elə toplar buraxırıq ki, inanılası deyil. Rəqib vurur top gəlir girir qapıya. Biz isə qol vurmağa gedəndə çox əziyyət çəkirik, amma yenə də alınmır. Nə bilim, bəlkə də komandamızı  lənətləyiblər. Bilmirəm, cavab tapa bilmirəm buna. 

 

 

- "Rəvan"la aranızda xal fərqi azalıb. Təhlükəni hiss edirsiz?
-  Hər gün saytlarda turnir cədvəlinə baxırıq. Bu hal bizi maraqlandırmamalıdı. Sadəcə çıxıb qələbə qazanmağımız lazımdı. Amma bu məğlubiyyət sindromunu qıra bilmirik. Yaxşı oynayırıq.  Amma yaranan epizodları boşa veririk. Nəticədə biz yoruluruq, rəqib də qələbə qazanır. Oyunun 70-ci dəqiqəsindən sonra müdafiəçilərimizə baxdım, nəfəsləri gedib-gəlmirdi. "Neftçi" də bizi əks-hücumlarda yaxalayırdı. Oturub fikirləşmək lazımdır. Çempionatın qurtarmasına 6-7 tur qalıb. Gücümüz çatan qədər iki-üç qələbə qazanmalıyıq ki, "Rəvan"la xal fərqini qoruya bilək. Yoxsa həqiqətən belə çətin olacaq bizə. 

 


- "Sumqayıt"la oyunda da qapınızdan belə qeyri-adi qol buraxdız, bu gün də. Düzdür sənin də səhvin var idi, amma nəyə görə rəqibin hücumu belə təhlükəli vəziyyət yaradır. Problem nədir?
- Buraxdığım qolda mənim də səhvim var idi.  Kollektiv sag olsun ki, dəstək oldular mənə. Lənkəran camaatından və azarkeşlərdən üzr istəyirəç. Birinci belə səhvim idi cari mövsüm ərzində. Qol buraxdığım vaxta qədər yaratdığımız 3-4 təhlükəli  epizoddan birini vursaydıq rəqib bizə qol vura bilməzdi. "Sumqayıt"la oyunda da Ruslan Cəfərovla bir-birimizi başa düşmədik.  Bu problemdən çıxış yolu axtarırıq. Amma bilmirik nə edək. Bu hal da təsir edir bütün kollektivə.

 

- "Qarabağ"a qarşı bundan yaxşı mübarizə aparmışdız. Bu gün həmin əzmkarlığı görmədik. Bunun səbəbi nə idi? "Böyük oyun" həyəcanı idimi?
- Bütün oyunlara eyni hazırlaşırıq. "Neftçi" olmur, "Rəvan"ı, "Sumqayıt"ı olsun. Hamıya eyni gözlə baxırıq. Bizə sadəcə bir qələbə lazımdı ki, sindromdan çıxaq. İki gündən sonra yenə yığışacağıq, gündə iki məşq keçəcəyik. Sadəcə bilmirəm komandada nəsə baş verir. Bu hal təkcə indi deyil, Toşakın vaxtında da beləydi. 6-7 oyun gözəl oynayırdıq. Yadıma gəlir "Rəvan"la oyunda 20-25 qol vəziyyəti yaradırdıq, oyunun nəticəsi 1:1 olurdu. Klubda bilmirəm nə baş verir. Çempionatın bombardiri Nildo bizə gəldi amma qol vura bilmədi. Rauf Əliyev gəldi, o da elə. İndi də Tural Qürbətov. Yazıqların heç birinin bəxti gətirmir. Oyunun videolarına baxırıq əsəbləşirik ki, bu necə ola bilər axı? Sadəcə cavab tapa bilmirəm.

İlkin İsmayılzadə


Xəbər xətti