Georgios Makropulos: "Azərbaycan şahmat tarixində ən yaxşı olimpiadanı təşkil edəcək"

18:38 11 Aprel 2016

FİDE-nin vitse-prezidenti Georgios Makropulos Bakıya səfərinin yekunları ilə bağlı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib.

 

Sportarena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsini icra edən G.Makropulos gördüklərindən razı qaldığını bildirib: "Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm. Hazırlıq plan üzrə davam edir. Səfər zamanı olimpiadanın keçiriləcəyi Kristal Zalda olduq. Çox möhtəşəm arenadır. Olimpiada zamanı şahmatçılar üçün hər cür şərait yaradılacağına əmin olduq. Kütləvi yarış olduğu üçün eyni vaxtda 300-dən çox komanda yarışacaq. Buna görə geniş məkan vacibdir. Kristal Zalda dediyimiz böyük məkan var. Nəqliyyat və viza məsələləri ilə bağlı danışdıq. Fikrimcə, təşkilatçılar işlərinə ciddi yanaşıblar. Bu məsələdə problem olmayacağını düşünürəm. Biz, eyni zamanda arenada təhlükəsizlik, media otaqları və tamaşaçılar üçün ayrılan yerlərlə tanış olduq. Hazırlıq demək olar ki, həlledici mərhələyə qədəm qoyur".

 

G.Makropulos Azərbaycan paytaxtının şahmat yarışlarını keçirmək üçün böyük təcrübəyə malik olduğunu bildirib: "Bakı indiyə qədər şahmat üzrə Qran-Pri, Dünya Kuboku kimi bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Olimpiada şahmat aləmində ən böyük turnirdir. 175-dən çox ölkənin iştirakı gözlənilir. Bütün şahmat aləminin diqqəti Bakıya yönələcək. Bu mənada hər bir detala ciddi yanaşmaq önəmlidir. Bakıda olduğumuz zaman iştirakçı və qonaqların məskunlaşacağı hotellərlə əməkdaşlıq müqavilələri imzalandı. Fikrimcə, Azərbaycan şahmat tarixində ən yaxşı olimpiadanı təşkil edəcək".

 

Bundan sonra FİDE rəsmiləri 42-ci Bakı Şahmat Olimpiadasının hazırlıq işləri ilə tanış olmaq üçün hər ay Bakıya səfər edəcəklər. Bu barədə G.Makropulos məlumat verib: "İndiyə qədər görülən işləri yüksək qiymətləndiririk. Həlledici mərhələyə başladığımızdan hər ay nümayəndələrimiz Azərbaycana gələcək. Lazım olan sahədə mütəxəssislərimiz Əməliyyat Komitəsinə kömək edəcək. Bildiyiniz kimi, olimpiada vaxtı FİDE-nin növbəti konqresi də keçiriləcək. Hər iki tədbirə hazırlıq işlərinin gedişindən razıyıq. Növbəti aylarda iştirakçıların qeydiyyatı aparılacaq".

 

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Kristal Zalda keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.


Digər xəbərlər

Xəbər xətti