FİDE prezidenti ölkəmizə səfərindən danışdı

23:31 11 Aprel 2016

FİDE vitse-prezidenti Georgios Makropulos Bakıya səfərin yekunlarıyla bağlı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib.

 Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsini icra edən Makropulos gördüklərindən razı qaldığını bildirib: "Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm. Hazırlıq plan üzrə davam edir. Səfər zamanı olimpiadanın keçiriləcəyi Crystal Hall-da olduq. Çox möhtəşəm arenadır. Olimpiada zamanı şahmatçılar üçün hər cür şərait yaradılacağına əmin olduq. Kütləvi yarış olduğu üçün eyni zamanda 300-dən çox komanda yarışacaq. Ona görə geniş məkan vacibdir. Crystal Hallda dediyimiz böyük məkan var. Nəqliyyat və viza məsələləriylə bağlı danışdıq. Fikrimcə təşkilatçılar işlərinə ciddi yanaşıblar. Çünki, bu məsələdə problem olmayacağını düşünürəm. Biz eyni zamanda arenada təhlükəsizlik, media otaqları və tamaşaçılar üçün ayrılan yerlərlə tanış olduq. Hazırlıq demək olar ki, həlledici mərhələyə qədəm qoyur".

Georgios Makropulos Azərbaycan paytaxtının şahmat yarışlarını keçirmək üçün böyük təcrübəyə sahib olduğunu deyib: "Bakı indiyə qədər şahmat üzrə qran-pri, Dünya Kuboku kimi bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Olimpiada şahmat aləmində ən böyük turnirdir. 175-dən çox ölkənin iştirakı gözlənilir. Bütün şahmat aləminin diqqəti Bakıya yönələcək. Bu mənada hər bir detala ciddi yanaşmaq önəmlidir. Bakıda olduğumuz zaman iştirakçı və qonaqların məskunlaşacağı otellərlə əməkdaşlıq müqavilə imzalandı. Fikrimcə Azərbaycan şahmat tarixində ən yaxşı olimpiadanı təşkil edəcək".

O bildirib ki, bundan sonra FİDE rəsmiləri 42-ci Bakı Şahmat Olimpiadasının hazırlıq işləriylə tanış olmaq üçün hər ay Bakıya səfər edəcəklər: "İndiyə qədər görülən işləri yüksək qiymətləndiririk. Həlledici mərhələyə başladığımızdan hər ay nümayəndələrimiz Azərbaycana gələcək. Lazım olan sahədə mütəxəssislərimiz Əməliyyat Komitəsinə kömək edəcək. Bildiyiniz kimi, olimpiada vaxtı FİDE-nin növbəti konqresi də keçiriləcək. Hər iki tədbirə hazırlıq işlərinin gedişindən razıyıq. Növbəti aylarda iştirakçıların qeydiyyatı aparılacaq".

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Kristal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.


Digər xəbərlər

Xəbər xətti