Hafiz Məmmədov: "Problemlərin həlli üçün 5 milyon avro lazımdır"

13:13 14 Aprel 2016

Azərbayanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubu iflasın astanasındadır.

 H.Məmmədov ciddi maliyyə problemləri ilə üzləşən komandadakı problemləri həll etməyə çalışsa da, klubun fəaliyyəti üçün lazım olan məbləği tapa bilməyib.

Belədə yeni sponsor axtarışlarına başlayan "Lans"ın prezidenti Jerve Martel Afrikaya gedib çıxıb. Fil Dişi Sahilindən olan iş adamı Çarlz Kader Qura klubun səhmlərini almağa yaxındır.

Omanda biznesi olan Kader Qura İngiltərə, İsveçrə və Belçikada hər hansı bir klubun sahibi ola bilərdi. Lakin Qura klubun daha öncə Fransa çempionu olması, Çempionlar Liqasında çıxış etməsi və həmçinin afrikalı futbolçuların bu komandada oynamaq imkanını nəzərə alaraq sonda "Lans"ı seçib. 

                                           


Fransa mətbuatının yazdığına görə, Qura aprelin 15-nə qədər bütün işləri yekunlaşdırmaq istəyir. Lakin bunun üçün o, Hafiz Məmmədovla görüşməlidir. Yeni sponsorlar klubun prezidenti Jerve Martelə "Lans"ın bir hissədarı olmağı yox, klubun səhmlərinə tam yiyələnməyi təklif ediblər. Hafiz Məmmədov daha öncə dostluq münasibətlərində olduğu Madrid "Atletiko"sunun rəhbərlərinə "Lans"ın ortaq sahibi olmaq təklifini irəli sürüb. Lakin sonradan bu barədə danışıqlar davam etdirilməyib.

"Lans" son durumu haqda "haqqin.az" saytına danışan H.Məmmədov bunları deyib: "Problemlərin həlli üçün "Lans"a cəmi 5 milyon avro lazımdır. Ancaq Bakıda bu məbləği tapmağım mümkün deyil. Banklar kredit vermirlər. Mən öz mülklərimi girov qoymağa hazıram. Tezliklə klubun maliyyə ehtiyaclarının ödənilməməsi səbəbindən "Lans"ı itirə bilərik. Əgər aprelin 15-nə qədər problemi yoluna qoymasam, görünür, fransızlar məhkəmə yolu ilə klub üzərindəki haqlarımı əlimdən alacaqlar".  

Qeyd edək ki, "Lans"ın səhmlərinin Hafiz Məmmədov tərəfindən alınmasından sonra klub Fransa idman ictimaiyyətində yenidən populyarlıq qazanıb. Komanda 2-ci liqada uğurlu çıxış edərək Fransa 1-ci liqasına vəsiqə əldə edib. Lakin daha sonra H.Məmmədovun üzləşdiyi maliyyə problemləri səbəbindən sonra komanda yenidən ikinci liqaya düşüb. Hazırda turnir cədvəlinin 6-ci pilləsində olan "Lans"ın yenidən yüksək liqaya vəsiqə qazanmaq şansı var.(qol.az)


Digər xəbərlər

Xəbər xətti