Qadın güləşçimiz bürünc medalını qazandı

23:07 17 Aprel 2016

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri başa çatıb. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edib.

Son yarış günündə daha iki güləşçimiz Olimpiya vəsiqəsi uğrunda mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 

69 kq çəkidə mübarizə aparan təmsilçimiz Elis Manolova ilk görüşdə Polşadan Aqnieszka Kordusa məğlub olaraq Olimpiadaya vəsiqə qazana bilməyib. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizin turnirin bürünc medalı qazanmasına şans verib. Təsəlliverici görüşdə Rumıniyadan Adina Popescu üzərində qələbə qazansa da, Elis Manolova həlledici görüşdə Ukraynanın təcrübəli idmançısı Alina Stadnik Maxinyaya uduzub və turniri 5-ci sırada bitirib. 

98 kq çəkidə yarışan yunan-Roma güləşçimiz Şalva Qadabadze Estoniyadan olan rəqibi Ardo Arusaarla gərgin keçən görüşü minimal hesabla uduzaraq Olimpiya vəsiqəsini qazana bilməyib. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə Şalva Finlandiyadan olan Tumas Lahtini mübarizədən kənarlaşdırıb. Bürünc medal görüşündə isə güləşçimiz Belarusdan Timafey Dzeiniçenka ilə qarşılaşıb. Bərabər hesabla bitən görüşdə qalib gələn Şalva Qadabadze Avropa təsnifat turnirinin bürünc medalına sahib olub.


Xəbər xətti