Cüdoçumuz Avropa çempionatının gümüş medalını qazandı

21:46 21 Aprel 2016

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. 

Sportarena.az xəbər verir ki, Rio Olimpiadasına lisenziya xarakterli yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan milli komandası aktivinə 1 medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayıb. Lüksemburqlu Tom Şmitə qalib gələn Səfərov daha sonra əslən azərbaycanlı olan Belarus təmsilçisi Arif Bağırov üzərində inamlı qələbə qazanıb. 1/4 finalda hollandiyalı Jeron Muren, yarımfinalda isə italiyalı Elios Mansini qalib məğlub edən cüdoçumuz adını finala yazdırıb. Lakin həlledici qarşılaşmada Fransa təmsilçisi Valid Xyara uduzaraq Avropa çempionatının gümüş medalına sahib olub.

Bu çəkidə mübarizə aparan millimizin digər üzvü İlqar Müşkiyev çempionatda 7-ci yeri tutub.

Digər cüdoçularımız Tərlan Kərimli (66 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, 46 ölkədən 394 (229 kişi, 165 qadın) idmançının qatıldığı mötəbər yarışda millimiz 9 kişi və 1 qadın cüdoçu ilə təmsil olunur.

 


Xəbər xətti