Blatterdən sensasiyalı açıqlama

23:08 22 Aprel 2016

İsveçrə xarici işlər nazirinin Burundi prezidenti Pyer Nkurunzizanın vəzifədən kənarlaşdırılması üçün Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatterdən kömək istəməsi üzə çıxıb.
Sportarena.az xəbər verir ki, bu barədə keçmiş FİFA rəhbəri İsveçrədə alman dilində nəşr olunan “Futbol missiya və ehtiras kimi” kitabında yazıb.
Y. Blatter 2015-ci ilin mayında İsveçrənin xarici işlər naziri İv Rosyenin Burundi prezidentinin böyük siyasətdən getməsi üçün ona FİFA-da diplomatik vəzifə verilməsinin mümkünlüyü ilə bağlı maraqlandığını bildirib. Y. Blatterə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Lidiya Nsekera vasitəsi ilə müraciət edildiyini güman olunur. Sabiq FİFA prezidenti iddia edir ki, İsveçrə Xarici İşlər Nazirliyi bu məsələdə ABŞ-ın xahişi ilə hərəkət edib.
İsveçrə XİN-in nümayəndəsi Y. Blatterə müraciət edildiyini təsdiqləsə də, səbəbini açıqlamayıb.
Xatırladaq ki, P. Nkurunziza 2005-ci ildə 10 illik vətəndaş müharibəsindən sonra Burundidə keçirilən prezident seçkilərində qalib gəlib. İki dəfə prezident seçildikdən sonra o, 2015-ci ildə yenidən bu post yiyələnmək istəyini ifadə edib. Burundi prezidentinin bu qərarı dünya ictimaiyyətinin narahatlığına səbəb olsa da, o, 2015-ci ilin noyabrında üçüncü müddətə prezident seçilib.
Xatırladaq ki, Y. Blatter ötən ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılıb.(APA)

 


Xəbər xətti