"Neftçi"nin sabiq baş məşqçisi: "Neftçi" avrokuboklara getməsə, daha yaxşı olar"

00:06 27 Aprel 2016

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun müsahibəsi

- Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsində “İnter” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” oyunları keçiriləcək. Komandaların kubok mübarizəsi haqda fikirlərinizi bilmək istərdik.

- “Qarabağ” çempionluqla yanaşı,  kuboku qazanmağa ən real namizəddir. Yəqin ki, Qurban Qurbanov ötənilki kimi “qızıl dubl” etmək istəyir.  “Neftçi” – “Qəbələ” oyunu daha böyük maraq doğurur. “Neftçi” çempionatda medallar uğrunda yarışdan kənarda qalıb. Buna görə də komanda diqqətini daha çox kuboka yönəldib. “Qəbələ”nin də qeyri-sabit çıxışı komandaların şansının bərabər olduğunu göstərir. Bu dörd komanda arasında yalnız “İnter” üçün kubok oyunu formal xarakter daşıya bilər. Çünki onlar avrokuboklardan kənarda qalıblar.

- Finalda hansı komandaları görə bilərik?

- Məncə, iki oyunun nəticəsinə görə “Qarabağ” finala çıxacaq. “Neftçi” – “Qəbələ” oyununda isə şanslar eynidir. “Neftçi” bu gün istənilən oyunu sərgiləməsə də, onlardan nəsə gözləmək olar. Çünki mükafatsız “Neftçi” təsəvvür etmək çətindir.

- “Neftçi” bu gün çempionatda 7-ci pillədədir. Sabiq komandanızın bu halı sizi də üzür?

- Əlbəttə. “Neftçi” layiq olmadığı yerdə qərarlaşıb. Bu komandada ardıcılı uğurlardan sonra bir eniş müşahidə olunur. İki dəfə bunun şahidi olmuşam. Biri 1990-cı illərdə olub. Digəri isə 2010-cu ildə mənim “Neftçi”də çalışdığım vaxt. “Neftçi” keçid dövrünü arxada qoyub, gələn il üçün yaxşı komanda formalaşdırmalıdır. Bu il işlər düzgün aparılsa, gələn mövsüm yenidən iddialı “Neftçi” görə bilərik. Adətən “Neftçi” keçid dövrlərində avrolkuboklarda çıxış etməyib və növbəti ildə yeni qurulan komanda ilə Avropada uğurlu oynayıb. Ötən mövsüm  “Neftçi” Avropa Liqasına vəsiqə qazandı və buna görə də komandanı formalaşdıra bilmədi. Yəni buna imkan olmadı. Düşünürəm ki, komanda bu il avrokuboklardan kənarda qalsa, növbəti il üçün yaxşı komanda qura bilərlər. Yəni “Neftçi”nin avrokuboklarda iştirak etməməsi komandanın xeyrinə olar.

- Artıq iki ildir ki, “Neftçi” özünə gələ bilmir. Bu enişin əsas səbəbini nədə görürsünüz?

- Komanda qeyri-sabit çıxış edir. Kluba yeni rəhbər gəldi. Yeni rəhbərlik hansısa strukturu quranda nələrisə yaddan çıxarır. Uğursuzluqlara görə baş məşqçi dəyişiklikləri oldu. Ancaq yeni gələn baş məşqçiyə də vaxt lazımdır. Ümumiyyətlə, şəraitdən asılı olmayaraq, “Neftçi”dəki məşqçilər təzyiq altında olur. Təbii ki, nəticə qazanmaq üçün də qısa zaman bəs etmir.

- “Neftçi”də hansısa yenilik görürsünüz?

- Hələ ki, gördüyümüz qeyri-sabit çıxışlardır. Hansısa bir yeni oyun üslubu görünmür. Təşkilatçılıq, struktur baxımından irəliləyiş ola bilər, ancaq hər şeyin başında komandanın oyunu durur.

- “Neftçi”nin bu mövsüm avrokuboklarda iştirak etməməsinin daha məqsədəuyğun olduğunu qeyd etdiniz. Bəs digər klublarımızdan hansılar bizi avrokuboklarda daha yaxşı təmsil edə bilər?

- Təbii ki, “Qarabağ”dan Çempionlar Liqasında uğurlu nəticə gözləyirik. Digər klublara gəldikdə isə UEFA-nın məlum qərarına görə “Zirə” ilə “İnter”i çıxsaq, “Qəbələ”, “Kəpəz” və AZAL-ın avrokuboklara düşmək uğrunda mübarizə apardığını deyə bilərik. Hər üç komanda üçün  uğurlu nəticə qazamaq çətin olacaq. “Kəpəz” Premyer Liqada uğrulu çıxış edir, ancaq Avroliqaya vəsiqə qazansa, mütləq güclənməlidir. “Qəbələ”yə yeni nəfəs lazımdır. Komandada doymuş futbolçular var. AZAL da bu gün çempionatda gözləniləndən yaxşısını edir.  Tərlan Əhmədovun əməyini qeyd etmək lazımdır. Ancaq bu oyun da Avroliqa üçün yetərli deyil.

- Premyer Liqamızın səviyyəsinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşməsi klublarımıza, əsasən də “Qarabağ”a avrokuboklarda çətinlik yarada bilər?

- Qurban müəllimin artıq bu kimi məsələlərdə təcrübəsi var. Bəli, “Qarabağ” bu gün çempionatdakı rəqiblərindən bir baş üstündür. Ancaq biz görürük ki, “Qarabağ” hər oyunda fərqli heyətlə çıxış edir. Çalışırlar ki, rahatlıq yaranamsın. Meydana yeni çıxan hər futbolçu özünü göstərmək istəyir. Bu da ümumi balansı qoruyur. Təbii ki, komanda avrokuboklardan əvvəl yoldaşlıq oyunları da keçirəcək. Güclü rəqiblər seçməklə qeyd etdiyiniz maneələrin qarşısını almaq olar.

qol.az


Digər xəbərlər

Xəbər xətti