Tadas Simaitis: "Kəpəz"də olduğum üçün xoşbəxtəm"

15:55 27 Aprel 2016

“Kəpəz”in əsas komandasının qapıçısı Tadas Simaitis klubun rəsmi saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:


- Tadas, əvvəlcə “Sumqayıt” ilə oyun haqda fikirlərini öyrənək...
- Yaxşı mübarizəli oyun oldu. Hər iki komanda fərqlənmək üçün çoxlu sayda qol imkanı yaratdı. Amma ələ düşən fürsətlərdən biz daha yaxşı istifadə edib rəqib üzərində qələbə qazandıq. Qalib gəlmək bizim üçün çox vacib idi. 3 xala ehtiyacımız vardı. Şadam ki, qarşıya qoyulan tapşırığı komanda yoldaşlarımla birgə yerinə yetirə bildik. İrəliyə baxmaq lazımdır.

- Oyun ərzində bir neçə epizodda komandanı real qoldan xilas etdin. Öz oyunun haqda nə deyə bilərsən?
- Qolkiper çərçivəyə ən yaxın futbolçudur, qapını qorumaq da ən çox onun üzərindədir. Qol buraxmamaq üçün əlimdən gələni etdim, bəzən alındı, bəzən isə yox. Qolkiperin işi çox çətindir, bir oyunda komandanı xilas edib qəhrəman olursan, o biri matçda qol buraxıb antiqəhrəman sayılırsan (gülümsəyir).

- Çempionatın başa çatmasına 5 tur qalıb. Nəyə ümid etmək olar?
- İlk növbədə medal qazanmaq lazımdır. Mövsümü mükafatla başa vurmaq əla olar. Hamımız bunun reallaşması üçün çalışırıq, məqsədimiz eynidir. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Avropa Liqasına vəsiqə qazanmağımız da pis nəticə olmayacaq. İndidən rahatlaşmaq olmaz, çətin oyunlar hələ qabaqdadır. Sona kimi mübarizə aparmalıyıq.    

- Qarşıdakı turda “Rəvan”ı qəbul edəcəyik. Rəqib autsayder olsa da, iddialı komandalara badalaq vurmaq gücündədir. Sən necə düşünürsən?
- Rəqiblər arasında fərq yoxdur. Premyer Liqada çıxış edən bütün komandalar bir-birilərinə güc gələ bilirlər. “Rəvan”ın turnir cədvəlində sonuncu pillədə olması bizi aldatmamalıdır. Mənim kimi uşaqlar da yaxşı başa düşür ki, çətin oyun olacaq. Hamımız bakılılarla görüşə ciddi yanaşmalı və səylə hazırlaşmalıyıq. Arxayınlaşmaq olmaz. Rəqibin adı, mövqeyi yox, gücü əsasdır. “Qarabağ”a qarşı oyunlara necə hazırlaşmışıqsa, “Rəvan” ilə matça da elə köklənməliyik.

- “Kəpəz” hər dəfə meydana tam heyətlə çıxa bilmir. Kimsə cəza və ya zədəyə görə oyunu buraxmalı olur. Bu nə dərəcədə oyununuza təsir edir?
- Əlbəttə, bu təsirsiz ötüşmür. Çempionat uzun yarışdır. Hansısa futbolçunun zədə alması və ya cəzalı olması normal haldır. Amma nəzərə almalıyıq ki, bizim ehtiyat oyunçular skamyası elə də geniş deyil. Son iki görüşdə Namiq Ələsgərov bizə kömək edə bilmədi. O, komandamızın aparıcı futbolçusudur. İndi də Kərim Diniyev vərəqə limitinə görə “Rəvan” ilə görüşü buraxacaq.

- Mövsüm başlayandan bütün oyunlarda əsas heyətdə sən meydana çıxmısan, yorğunluq var?
-  Elə də yox. Özümü yaxşı hiss edirəm. Düzdür, hərdən ağrıyan yerlərim olur, amma buna fikir verməməyə çalışıram. Hər oyunda komandama kömək etməyə çalışıram. Bu, nə dərəcədə alınır, bunu baş məşqçimiz və kənardakılar deyə bilər. “Kəpəz”də olduğum üçün xoşbəxtəm, mövsümü yüksək notlarla başa vurmağa çalışacağam.   


Xəbər xətti