Adı özgənin, dadı mənim

13:06 28 Aprel 2016

Belə bir atalar sözü var: adı mənim, dadı özgənin. Bəzən özümüz əməllərimizlə ata-babalarımızın illər əvvəl söylədiklərini dəyişirik. Məsələn, “Zirə"nin prezidenti Vüqar Astanovun Klublar Komitəsinin ötən həftə keçirilən son iclasının ardından mətbuata verdiyi açıqlamasında mənim üçün bu atalar sözü dönüb olub, “dadı mənim, adı özgənin". Söhbət hansı açıqlamadan gedir? “Zirə"nin  öz futbolçularını avrokuboklarda oynayacaq digər klublarımıza icarəyə verməsi ilə bağlı fikirlərindən. Həmkarımız sual verib ki, bəs, AZAL və “Kəpəz" kimi komandalar avrokuboklara vəsiqə qazansalar, siz öz oyunçularınızı onlara icarəyə verə bilərsiniz? Astanov da deyib ki, problem yoxdur.
Əslində, problem var. Özü də çox böyük problem. Türklərin sözü olmasın, duyğusal nüansları qoymalıyıq kənara. Bu, futbola peşəkar yanaşma deyil. Onda belə çıxır ki, ölkədəki yerli və legioner qarışıq bütün güclü futbolçuları səfərbər edib verək avrokuboklara vəsiqə qazanan klublara ki, gedin, Avropada oynayın, sonra yenə bizim futbollçularımızı qaytararsınız? Çox məntiqsiz yanaşmadır. Niyəsinə aydınlıq gətirim.
 Birincisi, “Kəpəz", AZAL və yaxud digəri olsun, Avropaya vəsiqə qazanırsa, orada çıxış etməyə hazır olmalıdır. Normal büdcəsi, infrastrukturu, heyəti ilə. Yoxsa, “Kəpəz" avrokuboklara vəsiqə qazandı, gəldi “Dalğa Arena"da oynadı, heyətini də “Zirə"dən, yaxud avrokuboklardan kənar qalan digər klub olan “İnter"dən icarəyə götürdüyü futbolçulardan qurdu. Bu, peşəkarlıqla kökündən ziddir. “Kəpəz" və AZAL avrokuboklara vəsiqə qazanırlarsa, özlərinin yaxşı büdcəsi, güclü heyəti olmalıdır. Yoxsa, adı “Zirə"nin, dadı “Kəpəz"in misalıynan avrokuboklarda çıxış etmək olmaz.
İkincisi, deyək ki, “Zirə" öz futbolçularını avrkuboklarda kömək üçün “Kəpəz"ə icarəyə verdi. “Kəpəz" də, deyək ki, yaxşı oynadı, bir mərhələ, lap iki mərhələ keçdi. Bəs, bu halda “Zirə" nə edəcək? Həmin futbollçularını geri çağıracaq ki, gəlin, öz toplanışımız başlayır? Yaxud, Allah eləməsin, həmin futbolçular getdilər “Kəpəz"in düşərgəsində zədə aldılar. Sonrası necə olacaq? Onda “Zirə" rəhbərliyi peşman olmayacaq ki? 
Bundan əvvəl də bizdə bu tip açıqlamalar olub. Yəni, hansısa futbolçu avrokuboklarda digər kluba yardım eləsin. Ancaq tam məsuliyyətimlə deyirəm ki, bu cür yanaşmalar peşəkarlıqla daban-dabana ziddir. Həmçinin, “Kəpəz" və AZAL da bu cür fikirlərdən uzaq olmalıdır. Hazırsansa çıxın, oynayın. Yox, hazır deyilsənsə, 200-300 manat maaşla çıxıb Azərbaycanı biabır eləmək lazım deyil. Əslində, bu, sizin də günahınız deyil. Görün, bizim çempionatımız nə gündədir ki... Nə isə...
Yeri gəlmişkən, klublarımız avrokuboklarda yenicə iştirak etdiyi vaxtlar bu üsuldan çox istifadə edilib. Azərbaycanı ilk dəfə Avropa miyqaslı yarışlarda təmsil edən “Turan" hamıdan əvvəl bu üsuldan faydalanıb. 1994/95-ci illər mövsümündə Türkiyənin “Fənərbaxça" komandası ilə qarşılaşan “Turan"da digər klublarımızın futbolçularının iştirak etməsi faktdır. “Turan"ın ardınca başqa klublarımız da avrokuboklarda iştirak zamanı “icarə"yə futbolçu götürüb.
Açığını deyəcəm, bu yay avrokuboklarda biabırçı nəticələrlə üzləşəcəyimizdən qorxuram. “Qarabağ" demək olar, rəqabətsiz çempion olub. Rəqabət olmayan yerdə isə tənəzzül olur, inkişaf yox. “Qəbələ" çox bərbad mövsüm keçirir. Sadəcə, kuboku götürməyəcəyi halda “Zirə" və “İnter"in “hesabına" istənilən halda avrokuboklara yollanacaq. Amma bu vəziyyətdə nə edəcəklər? Hələ bu iki komanda ən imkanlımızdı. Digər iki komanda hansılar olacaq, bilmirəm. Amma onların axırı... daha pis görünür. Allah axırını xeyir eləsin!

Anar XANLAROV
“Het-trik news” qəzeti

 


Xəbər xətti