McLaren 50 saniyə vaxt itirib?

19:26 3 May 2016

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, onlar Rusiya yarışında yanacağa qənaət etməli olublar və buna görə də 50 saniyə itiriblər…
 Fernando Alonso yarışı 6-cı yerdə bitirmişdi və ispaniyalı sürücü 4-cü yerdəki Bottasdan 52 saniyə geri qalmışdı. Bulye bildirib ki, bu fərqin səbəbi Honda mühərriklərinin yanacağı çox istifadə etməsidir.

Erik Bulye: “Aydın məsələlərə görə yanacağa qənaət etmək məcburiyyətindəyik.

Ancaq Fernando Alonso yarışın sonunda dövrə başına 1.2 saniyə sürətlənmişdi. Buna görə də yanacağa qənaət etməsəydik, 50 saniyə irəlidə olardıq.

Əgər biz cədvələ baxsaq, görərik ki, yanacağa qənaət etməsəydik, Williams ilə eyni gücdə olardıq. Bu sahədə də inkişaf etməliyik.

Ancaq əla performans göstərdik və sürücülərimiz bolidin balansından razı idi. Fernando Alonso yarışdan az da olsa, həzz aldı”.

McLaren sürücüləri ilk xallarını aldıqdan sonra məmnun qalmışdılar…

Fernando Alonso: “Özümü xoşbəxt hiss edirəm. Xal qazanmağa layiq idik və biz bunu bacardıq. Əla performans göstərdik.

Startda bəxtimiz gətirdi. Qəzadan sonra bir neçə pillə qabağa getdik, ancaq bolidimizin performansı çox güclü idi və arxadan bizə heç bir təhdid yox idi.

Yarışın ən sürətli 5-ci dövrəsini atdıq və buna görə də 6-cə yerə layiq idik. Hər şeydən razıyam”.


Digər xəbərlər

Xəbər xətti