"Şahdağ"ın baş məşqçisi: "Vatsap"da mənə meydana çıxacaqlarını yazanlar..."

18:18 6 May 2016

“Əslində, mən və bir neçə futbolçu Bakıdan Qusara gəlmişdik. Amma burda təşviqat gedir. “Şahdağ”ın uğurunu gözü götürməyənlər var, mənə və klubun prezidentinə qarşı hərəkətə keçiblər”. 


Sportarena.az-ın məlumatına görə, bu sözləri açıqlamasında “Şahdağ”ın baş məşqçisi Adil Mahmudov deyib.
 

I divizionun XXV turu çərçivəsində bu gün “Şərurspor”la qarşılaşmanı olan Qusar təmsilçisi meydana çıxmaqdan imtina edib. Belə ki, futbolçular əmək haqlarının ödənilməməsinə etiraz edərək, oynamaq istəməyiblər.
 

Bununla bağlı fikirlərini bölüşən Adil Mahmudov məsələyə aydınlıq gətirib. Qusarda bəzi qüvvələrin ona qarşı birləşdiyini deyən çalışdırıcı meydana çıxmaq istəməyən futbolçuların bu hərəkətini tənqid edib: “Yerli uşaqlar öz aralarında danışıq aparıblar və maaşlarını ala bilmədiklərini əsas gətirərək, oyuna çıxmaq istəmədilər. Düzdü, 9 aydı mən və futbolçular məvaciblərimizi ala bilməmişik. Əgər buna görə etiraz edirdilərsə, əvvəlki oyunlara da çıxmazdılar. Dünən “vatsap”da mənə meydana çıxacaqlarını yazanlar bu gün başqa hərəkət etdilər. Komanda ilə iclas keçirdim, həmin toplantıya azarkeşlərdən də bir neçə nəfəri çağırdım. Dedim ki, bu cür addım atmaq düzgün deyil, bu görüşə çıxıb, qələbəyə oynamalıyıq. Bilirsiz, mən “Şahdağ”a baş məşqçi gələndən sonra nailiyyətlər üzə çıxdı, komanda sözünü deməyə başladı. Nəticədə paxıllıq özünü göstərdi. “Şahdağ” I divizionda çempionluq yaşamış “Qaradağ Lökbatan” və “Neftçala”nı, həmçinin “Ağsu”nu məğlub edibsə, deməli, komanda çempion sayılır. Qusarda mənə qarşı hərəkət edən qüvvələrə, paxıllığımı çəkənlərə deyirəm ki, ayıb olsun, birləşmək lazımdı. Heç kimdən qorxmuram, çəkinmirəm”.
 

“Şahdağ” cari mövsümün son turunda səfərdə MOİK-lə qarşılaşmalıdı. Mahmudov nəyin bahasına olursa-olsun, həmin qarşılaşmaya çıxacaqlarını bildirib: “Çalışacam ki, MOİK-lə oyuna çıxaq. Cari mövsümdə sonuncu görüşdü. Futbolçular yenə bu cür hərəkət etməməlidilər. Bu, onların karyerasına da mənfi təsir edə bilər. Onlarla söhbət edəcəm. MOİK-lə matça 7 nəfərlə də olsa, çıxacağıq”.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti