Daha bir klubumuz dağılır: avrokubokdan imtina etdi!

18:09 13 May 2016

“Azəryol” voleybol klubu ciddi problemlə üzləşib. 


Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, 2015/2016 mövsümündə yarımfinala qədər irəliləyən Bakı təmsilçisi maliyyə səbəbindən avrokubokdan imtina edib.
 

Ən pis halda, “Çelenc cup”da oynamaq hüququ qazanan “Azəryol”un yeni mövsüm üçün büdcəsi təxmini 3-4 dəfə azaldılacaq. Halbuki, digər təmsilçimiz “Lokomotiv”in Çempionlar Liqasından imtinası onların qitənin ən mötəbər klub turnirində iştirakını da rəsmiləşdirə bilərdi.
 

Əldə etdiyimiz məlumata görə, artıq bu barədə icraçı-direktor Yusif Atakişiyevin imzası ilə Azərbaycan Voleybol Federasiyasına məktub daxil olub. Məktubda komandanın beynəlxalq arenada oynamaq gücündə olmadığı bildirilir, həmçinin dolayısı ilə yeni mövsümü yerli “uşaqlar”la yola verəcəyi qeyd edilib. Bununla yanaşı vurğulanıb ki, yeni ildə onlara legioner də lazım olmayacaq.
 

Bu isə onu deməyə əsas verir ki, “Lokomotiv”in “can verdiyi” bir vaxtda “Azəryol” da ona qoşulacaq. Artıq bu komandaların oxşar cəhətləri də üzə çıxıb. “Azəryol” gənclər komandasının maaşını 4, əsas komandanın əmək haqqını isə 2 aydı ödəyə bilmir.  
 

Hər halda, Super Liqa belə hallara “vərdişlidi”. Çünki yarandığı 8 ildə “Şirvan”, “Bakı”, “İqtisadçı”, “Nəqliyyatçı”, “Rabitə” kimi klublarımız tarixin yaddaşına köçüb.
 

Qeyd edək ki, “Lokomotiv” rəhbərliyi də 5 aydı komandanın əməkdaşlarının əmək haqqını vermir və 800 min dollara yaxın borcu var. “Dəmiryolçular”ın da avrokubokdan imtinası gündəmdədi. 


Digər xəbərlər

Xəbər xətti