Formula 1 debütü üçün son mərhələ

22:51 16 May 2016

Bu həftəsonu GP2 seriyasının 12-ci mövsümü start alır. Məhz bu seriyanın mərhələlərindən biri Bakıda keçirələcək Avropa Qran Prisinin dəstək yarışı qismində keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu seriya haqlı olaraq ən güclülərdən biri hesab olunur və bir çox sürücülərin Formula 1-də debütü üçün son mərhələ kimi çıxış edir. Builki pelotonun tərkibində çıxış edən Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot GP2 seriyasında çıxış edib və bəziləri çempion olublar.
Bu seriya ilə tanış olmağın və mövsümöncəsi nəzər yetirməyin tam zamanıdır.
GP2 iştirakçıları nədə yarışırlar?
Gənc və istedadlı sürücülərin idarə etdiyi texnikadan başlasaq, daha məntiqə uyğun olardı. Ilk baxışdan maşının görünüşü Formula 1 bolidini xatırladır, ancaq detallı baxış keçirdikdən sonra böyük fərqin olduğu ortaya çıxır:  GP2 bolidləri kiçikdirlər, antiqanadlar və ümumi aerodinamik elementlər daha sadə görünürlər və s.
Amma bu maşınları qiymətləndirməmək olmaz:  onlar 100km/saat sürəti 2.9 saniyəyə yığmağa imkan verən gücü 650 at qüvvəsi olan 8 silindrli motorla təchiz ediliblər.  Siz hələ də bu texnikanı ciddi qəbul etmirsiniz? Ayrıca motorlardan çıxan səsi qeyd etmək lazımdır – start düzlüyündəki 20 bolidin səsi ətraf ərazidəki bütün səs-küyü boğmağa qadirdir.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, GP2 mono seriyadır:  bu, o deməkdir ki, bütün komanda və sürücülərin bolidləri eynidir, ancaq sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir.  Bu prinsip seriyanın yarışlarını nəfəskəsici edir.
GP2 yarışları hansı treklərdə keçirilir?
2016-cı ilin təqvimi 11 yarışdan ibarətdir və hamısı Formula 1 həftəsonu  çərçivəsində keçirilir. Mövsüm Ispaniyanın Barselona trekində start alır və Əbu Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Formula 1 Avropa Qran Prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında keçiriləcək.
GP2 seriyasında hansı komanda və sürücülər iştirak edirlər?
Ümumən çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.
 

Bu il pelotonun tərkibi çox güclü və istedadlı pilotlardan ibarətdir.  Pyer Qasli (Red Bull-un gənc pilotlar proqramının iştirakçısı), Aleks Linn (Wiliams komandasının Formula 1-də inkişaf üzrə pilotu), Serqey Sirotkin (Renault komandasının Formula 1-də test pilotu), təcrübəli Mitç Evans və Artyom Markelov və başqaları. Bu il titul uğrunda mübarizə heç zaman olmadığı kimi gərgin keçəcək!
GP2-də yarış həftəsonu necə keçir?
Yarış həftəsonu Formula 1-də gördüyümüzdən çox fərqlənir. Hər bir mərhələ cümə günü səhər 45 dəqiqəlik sərbəst yürüşlərlə başlayır. Cümə günü axşam 30 dəqiqəlik sıralanma turu keçirilir və nəticəsindən asılı olaraq şənbə günü keçirilən ilk yarışın start düzlüyü müəyyənləşir (yarış 60 dəqiqə və ya 170 km davam edir). İlk yarışın nəticəsinə əsasən sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2, 1 xal qazanırlar.
Artıq bazar günü ikinci yarış keçirilir və start düzlüyü aşağıdakı qaydaya uyğun olaraq müəyyənləşir:  Şənbə günü keçirilən yarışda 1-ci yerdən 8-ci yerədək tutan sürücülər tam əks qaydada start alırlar, digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq start alırlar. Xal sistemi ikinci yarışda da fərqlənir – xalları ilk 8 pilot alır:  15, 12, 10, 8, 6, 4, 2, 1. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 km-ə qədər endirilir.
Bundan əlavə, poul qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə göstərən pilotlar isə 2 xal qazanırlar. 

GP2 haqqında maraqlı daha nələri demək olar?
GP2 və Formula 1-i yaxınlaşdıran daha bir element DRS sistemidir – söhbət bolidin arxa antiqanadındakı lövhənin açılması ilə havaya qarşı müqaviməti azaldan sistemdən gedir. Sistem 2015-ci ildən tətbiq edilir və artıq öz effektivliyini sübut edib.
Həmçinin, bu seriyanın bolidlərində Pirelli təkərlərindən istifafə edirlər, ancaq daha kiçik ölçüdə:  ön təkərlərin eni 12, arxa təkərlərin eni isə 13.7 düymdür.
Yuxarıda bildirdiyimiz kimi, GP2 seriyası Formula 1 üçün əsl kadr yetişdirmə məktəbdir.  GP2-dən Niko Rosberq, Luis Həmilton, Niko Hulkenberq, Romen Qrojan, Colion Palmer kimi pilotlar çıxıb.  Kim bilir, hansı GP2 pilotunu yaxın gələcəkdə Formula 1-də görəcəyik. 
https://www.bakucitycircuit.com/
 


Digər xəbərlər

Xəbər xətti