Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başladı

17:38 20 May 2016

Mayın 20-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb.


Sportarena.az  xəbər verir ki, yarışın birinci günündə uşaqların yaş kateqoriyasında (2000-2007-ci il təvəllüdlü) qız cütlüklər arasında, yeniyetmə yaş kateqoriyasında (1998-2006-cı il təvəllüdlü) kişi cütlüklər arasında, kiçiklərin yaş kateqoriyasında (2002-2010-cu il təvəllüdlü) qarışıq cütlüklər və yuniorlar (1997-2005-ci il təvəllüdlü) arasında, kiçiklərin (2002-2010-cu il təvəllüdlü), uşaqların (2000-2007-ci il təvəllüdlü) və yeniyetmələrin yaş kateqoriyalarında (1998-2006-cı il təvəllüdlü) qadın qruplar arasında və kiçiklərin yaş kateqoriyasında (2002-2010-cu il təvəllüdlü) oğlan qruplar arasında balans hərəkətləri yarışları keçirilir.


Həmçinin gün ərzində böyüklərin (2002-ci il və daha böyük) və yeniyetmələrin yaş kateqoriyalarında (1998-2006-cı il təvəllüdlü) kişi cütlüklər arasında, yuniorlar yaş kateqoriyasında (1997-2005) qarışıq cütlüklər arasında, yeniyetmələr yaş kateqoriyasında (1998-2006) qadın qruplar arasında, eləcə də uşaqların yaş kateqoriyasında (2000-2007) qadın cütlüklər və qruplar arasında temp hərəkətləri yarışları təşkil olunacaq.


İki gün ərzində “Ocaq”, “Neftçi” idman məktəbləri, Bakı Gimnastika Məktəbi, eləcə də Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 67 gimnast mübarizə aparacaq. “Ocaq” idman məktəbinin nümayəndələri akrobatika üzrə yarışlarda birinci dəfədir iştirak edirlər.


Turnirdə böyük yaş qrupu arasında dünya yarışlarının bürünc mükafatçıları Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük, eləcə də Seymur Cəfərov və Murad Əkbərovdan ibarət kişi cütlüyü çıxış edəcək.


Yekunda akrobatika ilə yeni məşğul olanlar nümunəvi çıxışları yerinə yetirəcəklər.


Xəbər xətti