"Qəbələ"dən daha bir bürünc medal

12:30 21 May 2016

AFFA-nın təşkil etdiyi U-14 Liqasında 2015/16 mövsümünə yekun vurulub. 
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün turnirin final və 3-cü yer uğrunda matçı keçirilib. “Qəbələ” bürünc medal uğrunda qarşılaşmada “İnter”ə 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində mövsümü mükafatçılar sırasında başa vuran U-14 akademiyaya liqalarda 6-cı medalı qazandırıb. Bunadək U-19, U-16, U-15 qızıl, U-17 və U-10 gümüş mükafata yiyələnmişdi.
 
“Qəbələ”nin daha bir komandasının mövsümü mükafatla başa vuracağı dəqiqdirsə, iki təmsilçi bu şansı qoruyur. Yarımfinalın ilk oyununda TİM-lə (Gəncə) heç-heçə (1:1) edən U-13 bu gün baş tutan cavab oyununda 0:1 hesabı ilə uduzub. Komanda 3-cü yer uğrunda matçda “Neftçi” PFK ilə görüşəcək. U-12 də bürünc medal üçün mübarizə aparacaq. Yarımfinalın “Neftçi” PFK ilə hər iki oyununda uduzan (0:2, 1:2) “qırmızı-qaralar” mövsümün son oyununda “Neftçi” İK İB ilə üz-üzə gələcək. U-11 isə finalda “Kəpəz”lə görüşəcək. Futbolçular yarımfinalda “Neftçi” PFK-dan üstün olub – 3:3, 5:1. 


Xəbər xətti