Tahir Süleymanov: "Hakimlərin hər zaman etdiyi "səhvlər"in üstü ört-bastır olub deyə..." - MÜSAHİBƏ

16:33 21 May 2016

Dünən Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün son turunda keçirilən "Rəvan" - "Xəzər Lənkəran" matçında (2:2) baş verən hakim biabırçılığı böyük söz-söhbətə səbəb oldu. Belə ki, matçın 81-ci dəqiqəsində oyunun baş hakimi Ramil Diniyev "Xəzər Lənkəran" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Lakin epizodun videotəkrarına baxıldıqda R.Diniyevin yanlış qərar verdiyi açıq-aydın görünürdü.

Bu gün isə Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov açıqlamasında Ramil Diniyevin haqlı qərar qəbul etdiyini bildirib.


Sportarena.az saytı olaraq, bu məsələ ilə bağlı sabiq FIFA referimiz olan Tahir Süleymanovun bu barədə fikirlərini öyrənməyə çalışdıq.


- Tahir müəllim, baş verən bu biabırçılıq barədə nə deyə bilərsiz? Sizcə düzgün qərardır?
- Mənim fikrimcə bu epizod barədə mütəxəssislərin, jurnalistlərin və ya azarkeşlərin nəsə deməsinə ehtiyac yoxdur. Çünki, Ruslan Tağızadə bu barədə özü açıqlama verib və deyib ki, hakimin qərarı yanlış idi. Bu epizod, dünyada analoqu olmayan, ən gülməli penaltilərdən biridir.

- HK-nın sədri Xaqani Məmmədov açıqlamasında bildirib ki, Ramil Diniyev "Xəzər Lənkəran"ın qapısına haqlı olaraq penalti təyin edib...
- Epizod göz qabağındadır. Azarkeşlər də bu oyunu izləyib. Bütün Azərbaycan bu epizodu görüb. Xaqani Məmmədov olmur, kim olur olsun. Hər şey göz qabağındadır. Milləti kor yerinə qoymasınlar. 

- Digər klublarımıza qarşı da belə halların olmasına baxmayaraq, hakim haqsızlığı demək olar ki, ən çox "Xəzər Lənkəran"a qarşı olub. Sizcə nədən irəli gəlir bu?
- Düzdür, bu hallar bizim bütün klublarımıza qarşı olur. Amma, bu matç "Xəzər Lənkəran"ın taleyini həll etdiyi üçün bu qədər ajiotaj yaratdı. Cari mövsüm ərzində hakim haqsızlığı çox olub klublarımıza qarşı. "Xəzər Lənkəran"ın bu duruma düşməsinin əsas səbəbi təkcə hakim səhvlərində deyil, klub idarəçiliyndə də var. Onlar bu vəziyyətə düşməsini klubun daxilində araşdırmalıdırlar. Bu məsələni sırf hakimliklə əlaqələndirmək olmaz. Amma "Rəvan"la matç "Xəzər Lənkəran"ın taleyini həll edəcəkdi deyə, hakimin kobud səhvi komandanı pis vəziyyətə saldı. 

- Həmin epizod zamanı və matç bitdikdən sonra hakim "Xəzər Lənkəran" futbolçularını təhqir edib, söyüş söyüb. Bu barədə nə deyə bilərsiz?
- Nəinki hakimin, heç kimin futbolçuları təhqir etməyə haqqı, ixtiyarı yoxdur. Bu da hakim özbaşınalıqlarının nəticələridir. Hakimlərin hər zaman etdiyi "səhvlər"in üstü ört-bastır olub deyə, onlar belə özbaşınalıqlar edirlər. Hakimlər meydanda psixoloq olmalıdır. Üstəlik oyunda haqsız qərar vermisənə, belə davranmamalısan futbolçularla.  Bunun da səbəbləri var. Mən bütün bu baş verənlərdə hakimləri deyil, onlara bu şəraiti yaradanları günahlandırıram.

- Deməli, günah Hakimlər Komitəsindədir?
- Əgər bir komanda uğursuz çıxış edirsə, günah həmin komandanın baş məşqçisində və ya rəhbərliyində olur. Hakimlik də belədir. Hakimlərin meydanda biabırçılığının  da günahı Hakimlər Komitəsindədir. Onlar oturublar isti yerlərində, hər cür şəraitləri də var. Son 7-8 ildə HK-nın bir çox xarici ölkələrdə təlim-məşq toplanışı keçib. Əgər oyunlarda belə qayda pozuntuları qeydə alırsansa, o zaman xarici ölkələrdə təlim-məşq toplanışına getməyə ehtiyac yoxdur. 

İlkin İsmayılzadə


Xəbər xətti