"Qarabağ"ın azarkeş qrupunu təəccübləndirən məqam: "Heç "Tottenhemlə oyunda bu qədər maraq olmamışdı"

22:07 24 May 2016

Sabah Azərbaycan kubokunun final oyununda “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça azarkeşlərin də marağı kifayət qədərdir.

Bunu nəzərə alıb Sportarena.az saytı olaraq Azərbaycanın və “Qarabağ”ın  yeganə qadın azarkeş qrupu olan “Ladies of "Qarabağ" fan klubunun direktoru olan Vasif Acalovla əlaqə saxladıq. Müsahibimizlə söhbət zamanı final oyununa necə hazırlaşdıqları soruşduq:

“Oyuna 15 gün qalmış “facebook” səhifəmizdə elan yerləşdirdik və qadın azarkeşlər üçün qeydiyyat prosesinə start verdik. Qeydiyyat may ayının 24-ü saat 12:00-a kimi davam etdi. Sonda nəticə isə bizi həqiqətən də çox təəccübləndirdi. Heç “Tottenhem”lə oyunda bu qədər maraq olmamışdı. Bizə qeydiyyat üçün tam 139 xanım müraciət etdi. Amma bizim sektorun tutumu az olduğu üçün yalnız 60 xanım oyunda bizimlə olacaq. Oyuna qadınlar tərəfindən bu qədər marağın olması həqiqətən də bizi sevindirdi. Çalışacağıq ki, bu coşqunu oyun zamanı da davam etdirək. Xanımların stadiondankı təhlükəsizlikləri üçün də bütün hazırlıqları görmüşük. Bunun üçün “Qarabağ” rəhbərliyinə və DİN əməkdaşlarına təşəkkürümüzü bildiririk ki, bizə kömək olurlar.”

 

Acalov “sabahki oyunda fan klubunuzdan hansı eksklüzivi gözləyək” sualına isə belə cavab verdi:

“Bizim oyunlarda olmağımız elə eksklüzivdir (gülür). İndi nələrin olacağını desəm təbii ki, o artıq ekskluziv olmaz. Ona görə də gəlin sabahı gözləyək”
 


 

Fan klubun direktoru son olaraq sabahkı oyunda komandasından hansı nəticəni gözlədiklərini də dilə gətirdi:

“Könlümüz, ürəyimiz, sevgimiz sabah “Qarabağ”ın yanında olacaq. Hesabın neçə olacağından aslı olmayaraq qələbə gözləyirik komandamızdan, amma bu qələbə böyükhesablı olsa daha yaxşı olar. Biz qələbə istəyirik təbii ki, amma onu da nəzərə almalıyıq ki, rəqib “Neftçi”dir. Biz kubok oyunlarında 18 dəfə “Neftçi” ilə qarşılaşmışıq və bu oyunların 8-də biz, 5-də “Neftçi” qalib gəlib. Bu statistika belə bizim  bu oyunda favorit olduğumuzu göstərir. Buna görə də sabahkı oyunda da komandamızdan qələbə gözləyirik.  Hesaba gəlincə şəxsi fikrimcə oyun  ya 3:1, ya da 4:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatacaq. Amma 1:0-da olsa qələbə olsun. Çünki “Qarabağ”a qələbə yaraşır. Heç bir kluba yaraşmadığı kimi “Qarabağ”a qələbə yaraşır.”

 

Sonda qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu sabah saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti