Avropa Qran Prisi ilə bağlı yollar hansı tarixdən bağlı olacaq?

00:30 28 May 2016

17-19 iyun tarixlərində Bakıda Formula 1 Avropa Qran Prisi yarışları keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərinin daha geniş məlumatlandırılması üçün yarışın təşkil olunması, avtomobillərin və piyadaların hərəkətinin tənzimlənməsi məsələləri ilə bağlı bir çox məqamlara aydınlıq gətirib.

- Avropa Qran Prisi ərəfəsində şəhər sakinlərinin hərəkəti hansı şəkildə təmin olunacaq?

- Şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək.

- Avropa Qran Prisi ərəfəsində nəqliyyatın hərəkətinə hansı tarixdən etibarən məhdudiyyətlər qoyulacaq?

- Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

- Nəqliyyat hərəkətinin qadağan olunduğu ərazilər hansılardır?

- Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir.
Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.

- Yaşayış yerinə giriş icazəsini göstərən nişanlar hansı qurumlar tərəfindən təqdim olunacaq?

- 1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq.
1-ci zonaya dair ətraflı məlumat almaq üçün 497-52-46 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 2 və 3-cü zonalara aid ətraflı məlumatı isə 492-98-14 və 492-09-02 telefon nömrələri ilə əlaqə saxlamaqla Bakı Şəhər İcra Hakimiyyətindən ala bilərsiniz.

- Zonalara gün ərzində nəqliyyat üçün giriş imkanı olacaq?

- 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya giriş Azadlıq prospekti və 3-cü zonaya giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

- Təyin edilmiş zonalarda yaşayan sakinlərinin istifadəsi üçün parklanma sahəsi nəzərdə tutulub?

- 1-ci zonada yaşayan və müvafiq nişana sahib sakinlər Qış Parkında yerləşən yeraltı parklanma sahəsindən pulsuz şəkildə istifadə edə biləcəklər.

- Nəqliyyatın hərəkəti üçün alternativ yollar təyin olunub?

- Bəli. Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla xəritədə tanış ola bilərsiniz. Bu xəritədə həmin yollar mavi oxlar vasitəsilə göstərilib. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq.

- Nəqliyyat hərəkətinin tamamilə məhdudlaşdırıldığı küçələr hansılardır?

- Əlavədə verilmiş xəritədə qırmızı rənglə göstərilən küçələrdə 14-21 iyun tarixlərində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Xatırladaq ki, bu günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

- Yarış ərəfəsində Milli Dənizkənarı Park ərazisinə əhalinin girişi üçün hansı məhdudiyyətlər nəzərdə tutulub?

- Formula 1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Parkın bir hissəsi - Azneft dairəsindən başlayaraq Dəniz Vağzalını əhatə edən ərazi iyunun 15-i gecə saat 01:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq. Qeyd edək ki, şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 14:00-dan etibarən daxil ola biləcəklər.

- Yarış ərəfəsində lazım olacağı təqdirdə təcili yardım və ya yanğın söndürən maşınların hərəkəti necə tənzimlənəcək?

- 1-ci və 2-ci zona daxilində 3 təcili yardım maşını olacaqdır. Eyni zamanda, quraşdırılmış müvəqqəti yerüstü keçidlərin yaxınlığında da təcili yardımı maşınları müdaxilə üçün hazır vəziyyətdə gözləyəcək.
Fövqəladə Hallar Nazirliyi yarış vaxtı ictimai təhlükəsizlik üçün 7 yanğın söndürən maşın təmin edəcək. Belə ki, üç yanğınsöndürən maşın İçəri Şəhər daxilində, biri yanğın nərdivanı ilə təchiz edilmiş yanğınsöndürən maşın olmaqla digər dördü isə Azadlıq meydanında - Paddok ərazisində yerləşdiriləcək. Bütün maşınlar tam təchiz olunmuş və 24 saat hazır vəziyyətdə olacaqlar. Hər növbə üçün, Fövqəladə Hallar Nazirliyi tərəfindən 39 yanğınsöndürən işçi heyati və 4 nəzarətçi təyin edilib.

- Avropa Qran Prisi zamanı avtobus və metronun hərəkət qrafikində nə kimi dəyişikliklər olacaq?

- Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb və plana əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

- Yarışın keçiriləcəyi məkana avtobus və ya metro vasitəsilə necə gəlmək olar?

- Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Füzuli Meydanı - M.Muxtarov Küçəsi - Nizami Küçəsi - S.Rüstəmov Küçəsi - Ə.Cavad Küçəsi - Azərbaycan Prospekti - Füzuli Meydanı - Z.Əhmədbəyov Küçəsi - Tbilisi Prospekti - 20 Yanvar Küçəsi - H.Məhərrəmov Küçəsi - Mir Cəlal Küçəsi.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: N.Nərimanov Metro Stansiyası - 28 May Metro Stansiyası - Azadlıq Prospekti - Nizami Küçəsi - R.Behbudov Küçəsi - N. Nərimanov Metro Stansiyası.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayın qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (2-ci sahə) - Milli Bayraq Meydanı - Bakı Əloyunları Sarayı.

Yarışın keçiriləcəyi məkana metro vasitəsilə də gəlmək istəyən bilet sahibləri 28 May, Sahil və İçərişəhər metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.


Digər xəbərlər

Xəbər xətti