Teymur Rəcəbovdan məğlubiyyət şərhi

23:50 30 May 2016

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin V turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub.

Partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib:

“Karuana güclü rəqibdir. Çətin partiya alındı. Debütdən sonra aşkar üstünlük hiss olunmurdu. Fiqurları dəyişəndən sonra oyun fərqli istiqamətdə inkişaf etməyə başladı. Ağlarla oynayan rəqibim düzgün gedişlərlə üstünlük qazandı və onu qələbəyə qədər davam etdirdi. Çıxış yolunu axtarsam da partiyada dönüş etmək mümkün olmadı”.

Əslən italiyalı olan Fabiano Karuana isə Azərbaycan şahmatçısının səhv etdiyini bildirib:

“Qara fiqurların vəziyyəti o qədər pis deyildi. Amma səhv gedişdən sonra onların oyunu dəyişdi. Ağlar üstünlük qazandı. Qara fiqurlar üçün müdafiə olunmaq çətin oldu. Belə də şah fiqurunu əhatəyə almaq lazım gəldi. Sevinirəm ki, qələbə qazandım. Bu gün əldə olunan 1 xal istirahət gününə rahat yollanmağa imkan verəcək. Ümumilikdə turnirdəki vəziyyətimdən razıyam. Hər şey istədiyim kimi davam edir. Hazırda yekun nəticə haqda danışmaq tezdir. Sona 4 tur var. Hər şey dəyişə bilər. Əvvəlcədən söyləmişəm ki, Şəmkirdə qələbə qazanmaq istəyirəm. Ardıcıl üçüncü dəfədir bu yarışda iştirak edirəm. Nəhayət Şəmkiri qalib kimi başa vurmaq istəyirəm. Sabah təşkilatçılar tərəfindən futbol oynamaq təklifi almışam. Ona görə vaxtımı futbola həsr edəcəm”


Digər xəbərlər

Xəbər xətti