Mahmud Qurbanov Ramin Musayevin cavabını verdi

14:11 1 İyun 2016

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev onunla Emin Quliyev barəsində səsləndirdiyi ittihama münasibət bildirib. 

 

Sportarena.az xəbər verir ki, Musayev bu iki oyunçunun 2005-ci ildə pula görə "Neftçi"ni "Xəzər Lənkəran"a dəyişməsi barədə açıqlamasına dair M.Qurbanov bunları söyləyib:


"İndi artıq futbol oynamıram. Amma vaxtilə çox klubda oynamışam. Onun mənim 10 000 dollara görə Lənkəran klubuna keçdiyimə dair dediyinə çox təəccübləndim. O, hardan bilir ki, həmin vaxt "Xəzər Lənkəran"la necə müqavilə bağlamışdım, belə bir məbləğ açıqlayır? Öncə düzgün informasiya almaq, sonra belə açıqlama vermək lazımdır.


Mən "Xəzər Lənkəran"a "Neftçi" ilə müqaviləmin müddəti başa çatdığı üçün keçmişdim. Müqavilədəki məbləği də ancaq mən bilirdim, bir də klub rəhbərliyi. "Neftçi" ilə müqaviləm bitəndən sonra Ramin Musayev də mənə müqavilə təklif etdi. Amma onun təklif etdiyi məbləğ "Xəzər Lənkəran"ın təklif etdiyindən çox fərqlənirdi. 32 yaşım var idi, karyeramın sonuna yaxınlaşdığımdan, gələcəyim barədə düşünməyim normal idi. Hesab etmirəm ki, həmin vaxt "Neftçi"ni atıb getdim. Bununla heç kimə hörmətsizlik etmədim. Dünya təcrübəsində də futbolçuların belə addım atması normal hal kimi qarşılanır.


"Neftçi"də çıxış edərkən Birlik Kubokundakı qələbədə iştirak etdim, son mövsümdə çempion olduq. "Neftçi"də layiqli şəkildə çıxış etmişəm. Musayev hələ onda komandaya ikinci Mahmud Qurbanovu gətirəcəyinə dair açıqlama da vermişdi. Amma zaman göstərdi ki, onun məhz bu məqsədlə gətirdiyi Vadim Borets ikinci Mahmud ola bilmədi. "Xəzər Lənkəran"ın heyətində çempion oldum, ölkə kubokunu qazandım. Buna görə də düzgün addım atdığımı düşünürəm. Bütün bunlar keçmişdə qalıb".(azerisport.com)


Digər xəbərlər

Xəbər xətti