DST: "2016-cı il Olimpiya Oyunlarını ləğv etmək üçün əsas yoxdur"

15:58 1 İyun 2016

Dünya Səhiyyə Təşkilatında (DST) bildirilib ki, Zika virusunun sirkulyasiyası 2016-cı il Olimpiya Oyunlarını ləğv etməyə və ya onun keçirilməsi yerini dəyişməyə səbəb deyil. Ekspertlər güman edirlər ki, bu cür qərar beynəlxalq səviyyədə virusun yayılma dinamikasını mahiyyətcə dəyişməyəcək.


Sportarena.az xəbər verir ki, DST-nin bəyanatında yazılıb: “Braziliya bu gün ağcaqanad sancması ilə yayılan Zika virusunun sirkulyasiyası barədə məlumatın daxil olduğu 60 ölkədən biridir. İnsanlar müxtəlif səbəblərə görə bu ölkəyə səfərlərini davam etdirirlər. Bu xəstəliyin yayılma təhlükəsini məhdudlaşdırmağın ən effektiv yolu səfərlə əlaqədar tibbi-sanitar tövsiyələrə əməl olunmasındadır”.


DST ekspertləri hamilə qadınlara Zika virusunun ötürüldüyü bölgələrə getməməyi tövsiyə ediblər. Belə yerlərdən biri də Rio-de-Janeyrodur.


DST-nin saytında Olimpiya Oyunlarına gəlmək niyyətində olanlar üçün tövsiyələr yerləşdirilib. Məsələn, onlara bədəni maksimal dərəcədə örtən açıq rəngli geyimdən də həşəratlara qarşı vasitə kimi istifadə etmək təklif olunur. Həkimlər Braziliyada Olimpiadaya hazırlaşanlara kondisionerli yaşayış yeri seçməyi, habelə su kəməri və ya adekvat sanitariya texnikası olmayan yerlərdə qalmamağı təkidlə tövsiyə ediblər.


DST-nin bəyanatında deyilir: “Dünyanın 60 və Amerikanın 39 ölkəsində Zika virusunun sirkulyasiyasının hazırkı qiymətləndirilməsini nəzərə alaraq ictimai səhiyyə mülahizələri səbəbindən Oyunları təxirə salmaq və ya ləğv etmək üçün əsas yoxdur. DST bu vəziyyəti daim nəzarətdə saxlayacaq və zəruri tədbirlər üzrə tövsiyələrini yeniləyəcək”.//azərtac


Xəbər xətti