Beynəlxalq Avtomobil Federasiyasının yarış direktoru: Bakı “Formula-1” Avropa Qran-prisinə tam hazırdır

13:48 7 İyun 2016

Bakı şəhər halqası “Formula-1” Avropa Qran-pri yarışını yüksək səviyyədə keçirmək üçün tam hazırdır. Son müşahidələrimiz bunu deməyə əsas verir.

Bu barədə Bakıda təşkil ediləcək “Formula-1” yarışından əvvəl trekdə görülən hazırlıq işlərinin gedişini yoxlamaq üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.

Bakıya növbəti səfərindən məmnunluğunu bildirən C.Vaytinq deyib ki, trekin “Formula-1”in şəhər yarışına hazırlıq səviyyəsini öyrənmək üçün keçirilən sonuncu baxışdan indiyədək bir ay keçib. FİA nümayəndə heyətinin baxışı zamanı ötən müddətdə burada xeyli iş görüldüyünün şahidi olduq. Çəkilən yol artıq tam hazırdır. Yol və onun ətrafında quraşdırılmış obyektlər yüksək keyfiyyətlidir. Bu işləri ərsəyə gətirdiyimizdə şəhərdə paralel olaraq nəqliyyatın hərəkətini də təmin etmək vacib idi. Bakı şəhər halqası boyunca hazırlıq işləri tamamlanıb. İşlərin planlaşdırdığımız kimi aparılması məni valeh etdi. Ümumilikdə işlər beynəlxalq standartlar səviyyəsində görülüb. Təhlükəsizlik baryerləri və çəpərlərlə bağlı müəyyən işlər qalıb. Bütün bu işlər başa çatdıqdan sonra yarış keçiriləcək.

Ç.Vaytinq deyib ki, Bakıda yağışlı havanın yarışa elə də təsir etməyəcəyini düşünürəm. Çünki yarış avtomobillərinin təkərləri olduqca qalındır, onlar sürüşməyə tab gətirə bilir. Ancaq həddən artıq güclü yağış yağarsa, avtomobili idarə etmək çətin olacaq və bu, eyni zamanda, pilotlar üçün yeni bir çağırış olacaq. Güclü leysan yağışları xoşagəlməz hadisələrin baş verməsinə səbəb olduqda isə yarışlara nəzarət edən heyət müəyyən qərarlar qəbul edəcək.

“Yarışla bağlı görülmüş təhlükəsizlik tədbirlərindən tam məmnunam. Son iki il ərzində biz bu məsələləri müzakirə etmişdik. Lazımı tədbirlər görülüb. İçərişəhər divarları boyunca trekin 8-ci dövrədən başlayaraq 11-ci dövrəyə qədər davam edən yoxuşlu dar küçə ən ensiz hissəsidir. Ancaq bu treki tərtib edənlər və həmçinin mühəndislər əllərindən gələni ediblər ki, trasda təhlükəsizlik tam şəkildə təmin olunsun. Burada bolidlərin qarşısını kəsə biləcək hər hansı mane yoxdur”, – deyə Ç.Vaytinq vurğulayıb.

FİA-nın eksperti qeyd edib ki, qəza baş verərsə pilotlar üçün ən təhlükəli məsələ avtomobillərin təkərləridir. Biz bu sınağı elə apardıq ki, avtomobillər saatda 200 kilometr sürətlə hərəkət etdiyi zaman təkər çıxdıqda pilotlar zədə almasın. Bu baxımdan testimizi apardıq və nəticələrdən razıyıq. Bakı şəhər halqasını yarışlar üçün rəsmən hazırlamaq üçün gələn həftədə paytaxtınızda olacağam.

Qeyd edək ki, gələn həftədən etibarən “Formula-1” rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyasını nümayəndələri, komandalar və turistlər Bakıya gələcəklər.


Digər xəbərlər

Xəbər xətti