Avstriyada fəaliyyət göstərən “Qarabağ” futbol komandası kubok qazanıb

11:53 8 İyun 2016

İyunun 7-də Vyana ikinci əyalət liqasında mübarizə aparan “Qarabağ” komandası həvəskar klublar arasında kubok yarışının finalında Avstriya paytaxtının “SV Gersthof” klubu ilə qarşılaşıb. Mübarizə apardığı ikinci əyalət liqasının cədvəlində liderliyi və növbəti mövsümdə yuxarı liqaya yüksəlməyi təmin edən “Qarabağ” yaşıl meydana favorit kimi çıxıb. Qarşılaşmanın ilk yarısında qapılar qarşısında gərgin vəziyyətlər qeydə alınsa da, hesab açılmayıb. İkinci hissədə təşəbbüsü tam ələ alan “Qarabağ” hücumların sayını və kəsərini daha da artırıb. Matçın 66-cı dəqiqəsində “Qarabağ”ın hücumçusu Srdan Pavlov komandasını hesabda irəli çıxarıb. O, 77-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini də dəqiq yerinə yetirərək dubl edib və hesab arasındakı fərqi artırıb.(azərtac)

Beləliklə, oyunda 2:0 hesabı ilə qələbə qazanan “Qarabağ” komandası 2015-2016-cı il mövsümündə həvəskar klubların yarışdığı Toto Kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti