"Olympic Moves" proqramının qalibləri rəsmi olaraq mükafatlandırılıblar

12:52 8 İyun 2016

Bakı – 7 iyun 2016-cı il. Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının təltifetmə mərasimi baş tutub.

“Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etməkdən ibarətdir. Bu isə öz növbəsində cəmiyyətin rifahının və dayanıqlı inkişafının təmin edilməsinin başlıca prioritetlərindən biridir. Sözügedən proqrama 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol 3x3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub ki, nəticədə 600-ə yaxın məktəbli final mərhələsində yarışıb.

Təltifetmə mərasimində MOK-un vitse-prezidentinin Çingiz Hüseynzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev, Olimpiya səfiri və çempionu Fərid Mansurov iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən MOK-un marketinq bölməsinin direktoru Mehman Kərimov iştirakçılara layihə haqqında məlumat verib. Tədbir çərçivəsində proqramın finalçıları olmuş məktəblilərə iştirakları üçün təşəkkür edilib.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Olympic Moves” proqramının miqyasına görə ilk belə bir kütləvi layihə olduğunu bildirib: “Milli Olimpiya Komitəsi adından “Olympic Moves” Azərbaycan layihəsinin iştirakçılarına öz münnətdarlığımı bildirirəm və hər bir iştirakçını təbrik edirəm. Proqramın icrası ilə fəal və sağlam həyat tərzinin məktəblərdə təşviqi, məktəblilərin uşaq yaşlarından idmana marağının artması ümumilikdə ölkəmiz üçün sevindiricidir. Atletika, badminton, basketbol və velosiped idman növləri üzrə həyata keçirilən bu unikal layihə sözügedən idman növlərinin məktəblilər arasında populyarlaşmasına şərait yaradır. Dünya üzrə “Olympic Moves” proqramının sayca 5-ci icraçı ölkəsi olmağımıza, belə bir möhtəşəm idman tədbirinin həyata keçirilməsində əvəzedilməz paya sahib olan Gənclər və idman Nazirliyi, Təhsil Nazirliyi, “Coca-Cola” şirkəti və müvafiq federasiyalarına təşəkkürümü bildirirəm.”

Tədbirdə gedişində UGİM-lərin rəhbərləri, federasiya nümayəndələri, məktəblilərlə yanaşı, məşqçi müəllimlərə proqramın icrasına göstərdikləri dəstək üçün sertifikatlar təqdim olunub.

Qeyd edək ki, ötən günlər ərzində MOK, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə məktəblərdə “Olympic Moves” proqramının qalibləri ilə görüşlər keçirilib. Tədbir zamanı qalib məktəblilərə və məşqçi müəllimlərə xatirə hədiyyələrli təqdim olunub. Bakının 12 rayon təmsilçisinin hər biri ilə keçirilmiş görüşlərdə fəal və sağlam həyat tərzinin əhəmiyyəti, “Olympic Moves” proqramının məktəblilərin idmana və fiziki fəallığa cəlb olunmasındakı rolu vurğulanıb.

“Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və final mərhələsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Coca-Cola”nın artıq uzun illərdir ki, davam edən əməkdaşlığı çərçivəsində əhalinin fəal və sağlam həyat tərzinə cəlb olunması ilə cəmiyyətin inkişafının təmin edilməsi prinsipini özündə təcəssüm etdirən "Fəal Ailəm, Sağlam Aləm" proqramı, həmçinin bu proqramın tərkib hissəsi olaraq Beynəlxalq Olimpiya Qaçış Günü kimi genişmiqyaslı layihələr həyata keçirilib. Təqdirəlayiqdir ki, “Olympic Moves” ötən il “Bakı 2015” Avropa Oyunlarının sosial idman irsi elan edilmiş "Fəal Ailəm, Sağlam Aləm" proqramının davamı olaraq Olimpiya dəyərlərinin təşviqinə öz töhfəsini verməkdədir.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək və Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək.


Xəbər xətti