Güləşçilərimiz Ukraynaya yollandı

16:32 10 İyun 2016

Qadın güləşi üzrə yığma komandanın üzvləri Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıb. 


Sportarena.az xəbər verir ki, iyunun 5-dən 17-dək Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıq keçən yığmanın heyətində 6 güləşçimiz yer alıb. Toplanışa baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıb. 


Təlim-məşq toplanışını başa vurduqdan sonra yığmamızın üzvləri Polşanın Spala şəhərində Zialkovski və Petlasinskinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 


Bir müddət əvvəl isə, qadın güləşçilərimiz Bolqarıstanın Belmeken təlim-məşq bazasında Türkiyə, Belarus, Fransa, Rumıniya və Macarıstan yığmasının üzvləri ilə birgə hazırlıq keçib. 


Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti