Azərbaycan idmançısı Kolumbiyada birinci yeri tutub

00:33 18 İyun 2016

Kolumbiyanın Kartaxena şəhərində Braziliya Beynəlxalq Ciu-Cutsu Federasiyasının təşkilatçılığı ilə ciu-cutsu üzrə açıq çempionat keçirilib.

Yarışda Azərbaycan, ABŞ, Kanada, Braziliya, İrlandiya, İtaliya və Latın Amerikası ölkələri də daxil olmaqla, dünyanın bir çox ölkələrindən idmançılar qələbə uğrunda gərgin mübarizə aparıblar.

Azərbaycanın Kolumbiyadakı səfirliyinin dəstəyi ilə idmançımız Cavid Adıgözəlov ölkəmizi bu yarışda uğurla təmsil edib.

Səfirlikdən bildiriblər ki, C.Adıgözəlov gözəl ustalıq nümayiş etdirərək 58 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində təmiz qələbə əldə edib və birinci yeri qazanaraq üçrəngli bayrağımızı Kartaxena şəhərində dalğalandırıb. İdmançımızın göstərdiyi inam və ustalıq azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Əvvəllər Sumqayıt Olimpiya İdman Kompleksində sərbəst döyüş üzrə məşqçi kimi fəaliyyət göstərmiş C.Adıgözəlov hazırda səfirliyimizin dəstəyi ilə Kolumbiyada idmanın qaydasız döyüş və ciu-cutsu sahələri üzrə təcrübə keçir və Latın Amerikasında keçirilən beynəlxalq turnirlərdə Azərbaycanın idman şərəfini uğurla təmsil edir. Kartaxenadakı qələbə idmançımızın bu bölgədə dördüncü qələbəsidir.


Digər xəbərlər

Xəbər xətti