Dünya təsnifat turnirində boksçularımızın rəqibləri müəyyənləşir

12:57 18 İyun 2016

Bakıda keçirilən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turnirində Azərbaycan boksçularından birinin ilk rəqibi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulacaq Kamran Şahsuvarlı onaltıdabir finalda Albaniya idmançısı Aryon Kayoşi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 20-də keçiriləcək. Kayoşi ilkin mərhələdə belçikalı Lay Kalenqa Mişikandan güclü olub.


81 kiloqram çəkidə mübarizə aparan Teymur Məmmədovun da onaltıdabir finaldakı rəqibi sabah müəyyənləşəcək. Həmin görüşdə tacikistanlı Mexrubon Sanginov və çinli Şi Quojun rinqə çıxacaq. Onaltıdabir final mərhələsinin döyüşü iyunun 19-da baş tutacaq.


49 kiloqramda çıxış edən Rüfət Hüseynovun rəqibi isə sabahkı döyüşdə müəyyənləşəcək. Dominikan Respublikasından olan Santilyan Perez Viktor Daniel Çin Taypeyi idmançısı Tu Po-Veylə qarşılaşacaq və qalib səkkizdəbir finalda azərbaycanlı boksçuya rəqib olacaq. Bu döyüş iyunun 20-də keçiriləcək.


Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən dünya təsnifat turniri iyunun 25-dək davam edəcək. Ümumilikdə 39 lisenziya uğrunda keçirilən yarışda 52, 56, 60, 64, 69, 75 və 81 kiloqram çəki dərəcələrində ilk beş yeri tutan idmançılar Olimpiadaya vəsiqə əldə edəcəklər. Eyni zamanda, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisində qalib gələn idmançıya dörddəbir finalda uduzan boksçu da lisenziyaya sahib olacaq. 49 kiloqramda finalçılar, 91 kq və +91 kq çəkilərdə isə yalnız turnirin qalibləri Rio-ya yollanmaq imkanı qazanacaqlar. Azərbaycan boksçuları turnirdə lisenziya qazanmadıqları 49 kq, 75 kq və 81 kq çəki dərəcələrində çıxış edəcəklər.


Digər xəbərlər

Xəbər xətti