Şahin Diniyev püşkü dəyərləndirdi

23:30 20 İyun 2016

Hazırda komanda ilə Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev UEFA Avropa Liqasının püşkatması ilə bağlı fikilərini bölüşüb.

O, klubun saytına açıqlamasında  I təsnifat mərhələsində komandanın rəqibi olan “Daçiya” ilə qarşıdakı oyunlar haqda danışıb: “Səbətdə ən zəif biz idik, yeni komandayıq. UEFA-da asan oyun və ya zəif rəqib yoxdur. “Daçiya” haqda məlumat toplamışam. Çempion olan “Şerif”ə ciddi müqavimət göstərib. 27 oyundan cəmi 2-sində uduzublar. Bu nəticə onların gücündən xəbər verir. Bizi 2 çətin oyun gözləyir. Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Şanslarımız rəqibdən üstün deyil, deyərdim ki, hətta Moldova klubu bizdən üstün görünür. Düzdü, mən istəmirdim ki, Avstriya, Polşa və Slovakiya komandaları ilə düşək. Amma bu o demək deyil ki, “Daçiya” onlardan zəifdir, xeyr. Onu da söyləyim ki, moldovalılar dişimizə uyğun rəqibdir, onlarla mübarizə aparmaq olar. Amma qalib gəlmək üçün çox çalışmaq lazımdır, çünki çox ciddi rəqibdir”.
 
Moldova futbolu Şahin Diniyevə yaxşı tanışdır. O, futbolçu kimi bu ölkənin “Nistru” komandasında çıxış edib: “1989/1990 mövsümündə Moldovada oynamışam. Ora ilə bağlı xoş xatirələrim qalıb, yaxşı günlərim olub. Özümə üçüncü vətən saydığım Moldovaya bu dəfə məşqçi kimi gedəcəyəm. Mənim üçün xoş səfər olacaq. Oradakı futbolçu dostlarımı, məşqçilərimi yəqin ki, yenidən görə biləcəyəm. Ötən günləri yada salıb, təbii ki, futboldan danışacağıq”.


Digər xəbərlər

Xəbər xətti